
Bakı. Trend:
Aprelin 14-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi
Şuranın növbəti iclası keçirilib.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, İqtisadi Şuranın iclasda 2027-2030-cu illər üzrə
Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsas
istiqamət və hədəfləri, prioritet xərc istiqamətləri, ortamüddətli
dövr üçün ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə,
büdcə dayanıqlığı, 2027-ci il və sonrakı üç il üçün dövlət və icmal
büdcələrinin proqnoz göstəriciləri, sosial siyasət və əsas
göstəriciləri və digər cari iqtisadi məsələlər ətraflı müzakirə
olunub.
Gündəlikdə olan məsələlər üzrə maliyyə naziri Sahil Babayev,
əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və
iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzələri dinlənilib.
Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa
dəvət olunanlar çıxış ediblər.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri
nəzərə alınmaqla gündəlikdə olan məsələlərə dair müvafiq qərarlar
qəbul olunub.
Maliyyə Nazirliyinə və digər aidiyyəti qurumlara növbəti ilin
büdcə zərfinin və OMBÇ sənədinin hazırlığı ilə bağlı müvafiq
tapşırıqlar verilib.


