“Şəfəq” GES-də inteqrasiya işləri bu ilin iyulunadək yekunlaşacaq

Baş səhifə

Bakı. Trend:

Xarici investor tərəfindən (BP) inşa olunan 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) inteqrasiyası ilə
əlaqədar işlərin icrasının bu ilin iyulun 1-dək yekunlaşması
nəzərdə tutulub.

Trend-in əldə
etdiyi məlumata görə, GES-in inteqrasiyası ilə əlaqədar işlərin
icrası üzrə “Azərenerji” ASC və Energetika Nazirliyi icraçı qurum
kimi müəyyənləşib.




Qeyd edək ki, Azərbaycanın Cəbrayıl rayonunda həyata keçirilən
Şəfəq (Cəbrayıl) günəş layihəsi üzrə tikinti işləri plana uyğun
olaraq davam edir. 2025-ci ilin iyun ayında yekun investisiya
qərarından sonra investorları bp, “SOCAR Green” və Azərbaycan
Biznesinin İnkişafı Fondu (ABİF) olan layihə üzrə iki əsas müqavilə
imzalanıb: Mühəndislik, Təchizat və Tikinti (EPC) müqaviləsi.

Təxminən 117 milyon ABŞ dolları dəyərində olan bu müqavilə “Intec” və “Complant” şirkətlərinə verilib. Müqavilə mühəndislik,
təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də
obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini
əhatə edir. Layihə sahəsində hazırlıq işləri artıq tamamlanıb və
hazırda tikinti prosesi torpaq işləri və daxili yolların çəkilməsi
ilə davam edir.