
Bakı. Trend:
Məlum olduğu kimi, 2026-cı ilin aprelin 1-dən etibarən elektron
siqaretlərin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı,
satış məqsədilə saxlanılması və istifadəsi qadağan olunur. Bununla
əlaqədar müvafiq cərimələr də müəyyənləşib, belə ki, Milli Məclis
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun
layihəsini də üçüncü oxunuşda qəbul edib.
Trend xəbər verir
ki, qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların
komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə
satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın
bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər
350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650
manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan
5000 manatadək məbləğdə cərimə ediləcək. Bundan əlavə, elektron
siqaretlərdən ictimai yerlərdə istifadə edənlər 30 manat cərimə
ediləcəklər.
Bəs elektron siqaretlərə tətbiq edilən qadağa
alışdırılmadan nəfəsə çəkilən IQOS kimi digər nikotin və tütün
məhsullarına da şamil edilirmi?
Mövzu ilə bağlı Azərbaycanda nikotin məhsullarının satışı ilə
məşğul olan “Tabar” mağazalar şəbəkəsinin satış üzrə direktoru
Tural Hacızadə Musavat.com-a bildirib ki, qızdırılan tütün
məmulatları ilə elektron siqaretlər tamamilə fərqli
kateqoriyalardır və qadağa yalnız elektron siqaretlərə aiddir:
“Tütün və tütün məmulatı haqqında qanuna edilən müvafiq
dəyişikliklərə görə qızdırılan tütün məmulatları və elektron
siqaretlər iki fərqli kateqoriya kimi müəyyən edilmiş və qadağanın
yalnız elektron siqaretlərə aid olduğu açıq şəkildə qeyd
edilib”.
Qeyd edək ki, elektron siqaretlərin və qızdırılan tütün
məmulatlarının tərkibi də fərqlidir. Elektron siqaretlər tərkibində
nikotin olan və ya olmayan mayenin qızdırılması nəticəsində əmələ
gələn buxarın nəfəslə çəkilməsi ilə istehlak olunur. Qızdırılan
tütün məmulatları isə həqiqi tütünü, yəni tütün çubuğunu qızdıraraq
aerozol əmələ gətirir.

