Bakı. Trend:
İranın qərbində yerləşən Lorestan vilayətinin Xorrəmabad
rayonunda ABŞ-yə məxsus “Lucas” pilotsuz uçuş aparatı (PUA)
vurulub.
Trend bu barədə
yerli KİV-ə istinadən məlumat verib.
Məlumata görə, sözügedən PUA bu gün səhər saatlarında İranın
Hava Hücumundan Müdafiə Sistemi tərəfindən vurulub.
Qeyd edək ki, 2015-ci ildə İran və 5+1 qrupu arasında İranın
nüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə
razılıq əldə olunub və BMT Təhlükəsizlik Şurası 2231 saylı
qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki
6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmli
sanksiyaların dayandırılması ilə nəticələnib.
2018-də ABŞ sözügedən plandan çıxması ilə İrana qarşı
sanksiyalar tətbiq edib. İranın mərhələli şəkildə planda nəzərdə
tutulan məhdudiyyətləri dayandırması digər ölkələr tərəfindən
birmənalı qarşılanmayıb. Nəticədə 28 sentyabr 2025-də İran əleyhinə
BMT Təhlükəsizlik Şurasının qətnamələri yenidən bərpa olunub.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2025-ci ilin may ayında
yayımladığı hesabata əsasən, İranın zənginləşdirdiyi uranın həcmi 9
247 kiloqram təşkil edib və 60%-dən yuxarı zənginləşdirilən uranın
həcmi isə 408 kiloqramdır.
ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı iki dəfə
ayrı zamanlarda müzakirələr aparılsa da, tərəflər arasında konkret
razılaşma əldə olunmayıb və hər iki müzakirə qarşıdurma ilə
nəticələnib. Sonuncu olaraq 28 fevraldan etibarən ABŞ və İsrail
İrana hərbi hava hücumlarına başlayıb.
Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və
ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla
hücum edib. Sonradan qarşıdurma daha da genişlənərək Yaxın Şərqin
müxtəlif ölkələrini əhatə edib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

