
Bakı. Trend:
Avstraliya hökuməti Yaxın Şərqdəki gərginlik fonunda əlavə
yanacaq tədarükünü təmin etmək məqsədilə enerji təhlükəsizliyi ilə
bağlı qanunlara dəyişiklik etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu
barədə Baş nazir Entoni Albaneze açıqlama verib.
Onun sözlərinə əsasən, hökumət fasiləsiz işləyir və yanacaq
ehtiyatlarının artırılması üçün təcili addımlar atmağa
hazırlaşır.
Albaneze bildirib ki, dövlət özəl şirkətlərin yanacaq alışına
zəmanət verəcək yeni mexanizmlər formalaşdıracaq və təchizatçıların
üzləşdiyi riskləri kompensasiya edəcək.
Bu məqsədlə “Export Finance Australia” agentliyinin
səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur.
Baş nazir vurğulayıb ki, mövcud ehtiyatlar qısa müddətdə sabit
qalsa da, İranla bağlı uzunmüddətli qarşıdurma bazara təzyiqi
artıra bilər.
O qeyd edib ki, münaqişə nə qədər uzansa, nəticələri də bir o
qədər ağır olacaq.
Parlamentin bu dəyişiklikləri bu gün müzakirəyə çıxarması
gözlənilir.

