
Bakı.Trend:
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “AzərEnerji” ASC
tərəfindən Bakıda və regionlarda tədbirlər təşkil olunub.
Bu barədə Trend-ə “Azərenerji” ASC-dən məlumat verilib.
Bildirilib ki, tədbirlər çərçivəsində ilk olaraq Xocalı
qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ağdaş
rayonunda inşa edilən Batareya Enerji Saxlanc Sistemlərinin
ərazisində ağacəkmə aksiyası keçirilib. Qeyd olunub ki, hazırda
Abşeron və Ağdaş rayonlarında ölkə tarixində ilk dəfə olaraq,
ümumilikdə MDB məkanında ən iri Batareya Enerji Saxlanc Mərkəzləri
tikilir və ağacəkmə aksiyasının məhz bu ərazidə keçirilməsi Xocalı
qurbanlarının xatirəsinə ehtiramın ifadəsi kimi
qiymətləndirilir.
Daha sonra qurumun mərkəzi inzibati binasında anım mərasimi
təşkil edilib. Tədbirdə Xocalı faciəsindən ötən 34 ili əhatə edən
sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən “AzərEnerji” ASC-nin sədri Baba Rzayev
Xocalı soyqırımının xalqımızın yaddaşına heç zaman unudulmayan bir
tarix səhifəsi olduğunu bildirərək qeyd edib ki, 2023-cü il
sentyabrında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan
Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror
tədbirləri nəticəsində Xocalıda da düşməndən təmizləndi. Baba
Razyevin sözlərinə görə bu gün Xocalı da daxil olmaqla bütün
işğaldan azad olunan ərazilərdə Azərbaycan işığı yanır. “Özü də
həmin işıq məhz azad edilən ərazilərdəki çayların üzərində
yaradılan Su Elektrik Stansiyalarında istehsal edilən “yaşıl
enerji” hesabına həyata keçirilir. Bu gün artıq Xocalı sakinləri
işğaldan azad edilmiş doğma yurd-yuvalarına, Vətənlərinə geri
qayıdırlar.”
Tədbirdə çıxış edən digər natiqlər də Xocalı faciəsinin
miqyasından, qüdrətlənən Azərbaycan Dövlətinin şəhidlərin qanını
yerdə qoymamasından danışıblar.


