MN-in Tibbi Sənədlər Arxivinin həbsdə olan rəisi ilə bağlı ittiham aktı elan olunub

Baş səhifə

Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Tağıyevin cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş qismində tanınan Müdafiə Nazirliyinin nümayəndəsinin dəyişdiyi məlum olub. Nazirliyin yeni nümayəndəsi Musa Fərzəliyev iştirakçılara təqdim olunub. Lakin təqsirləndirilən şəxs nümayəndəyə etiraz edib:

“İş araşdırılan zaman əvvəlki nümayəndə bütün proseslərdə iştirak edib, mən indiki nümayəndəyə etiraz edirəm”.

Hakim Günel Səmədova bildirib ki, məhkəməyə nümayəndənin göndərilməsi Müdafiə Nazirliyinin hüququdur, əvvəlki nümayəndənin prosesə çağırılması ilə bağlı vəsatət qaldırıla bilər.

Təqsirləndirilən şəxsin vəkili Orxan Hacıyev müvəkkili ilə bağlı bəzi sənədlərin alınması üçün Müdafiə Nazirliyinə sorğu verilməsini istəyib.

Dövlət ittihamçısı cinayət işi materiallarında həmin sənədlərin mövcud olduğunu, amma sənədlərin tədqiqi mərhələsində göstərilən hallara yenidən baxıla biləcəyini deyib.

Vəsatət baxılmamış saxlanılıb.

Ruhin Tağıyev ailə üzvlərinə etibarnamə verilməsi üçün notarius əməkdaşının təcridxanaya buraxılması ilə bağlı vəsatət verib. Vəsatət təmin edilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası zamanı bəzi hərbi qulluqçuların Vətən müharibəsində xəsarət almaları ilə bağlı sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib və onların əlillik dərəcəsinin verilməsi üçün arayış verib. Bununla da o, iki nəfərin hərəsindən 6 min, başqa şəxsdən 3 min, digərindən 7 min, daha bir nəfərdən 5 min manat rüşvət alıb. Eyni zamanda, o, Hərbi tibb məntəqəsində işləyən N.Hümbətovaya əmək müqaviləsinin uzadılması barədə vəd verib və ondan 1500 manat alıb.

Ruhin Tağıyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, jurnalistlərin prosesdə iştirakına etiraz edərək deyib ki, səsləndirəcəyi ifadələrin, sensasiya sayılacaq məlumatların mətbuatda dərc edilməsini istəmir.

Onun vəkilləri də vəsatətinin təmin olunmasını istəyib.

Məhkəmə prosesin açıq keçirildiyini, mətbuat nümayəndələrinin iclaslarda iştirak edə biləcəyini bildirib.

Dövlət ittihamçısı isə prosesin qapalı keçirilməsi təklifinə etiraz etməyib.

Məhkəmə müşavirəyə gedərək iclasların qapalı keçirilməsi barədə qərar qəbul edib.

Proses fevralın 24-də davam etdiriləcək.

Qeyd edək ki, ibtidai istintaqla Ruhin Tağıyevin 2021-2023-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət etmiş hərbi qulluqçuların adlarının ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edilməsi və bunun əsasında xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən külli miqdarda pul vəsaitlərini rüşvət qismində təkrarən almasına, habelə hərbi qulluqçuların təkrar şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində isə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alveri törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ruhin Tağıyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.