Yalnız bu şəxslərin “WhatsApp” yazışmalarına öz razılığı olmadan baxmağa icazə var – Ali məhkəmə

Baş səhifə

Bakı.Trend:

Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazidd
əldə olunması, istifadəsi və ya yayılması şəxsi toxunulmazlıq
hüququnun pozuntusu hesab olunur.

Trend xəbər
verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, bu hüquq qanunla nəzərdə tutulmuş qaydada
cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı
həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.




Qeyd edilib ki, hüquqi mübahisələrin həlli ilə bağlı həmin
mübahisənin tərəfləri yalnız öz aralarında olan yazışmaları
məhkəməyə və ya mübahisəni həll edən digər səlahiyyətli quruma
(mediasiya, arbitraj və s.) sübut qismində təqdim edə bilərlər.
Həmin tərəflər digər şəxslərlə olan yazışmaları öz hüquqi
mübahisələrinin həllində sübut kimi təqdim edə bilməzlər.

Xüsusi olaraq qeyd edilməlidir ki, istənilən yazışmanın media və
ya internet şəbəkələrində qarşı tərəfin razılığı olmadan
paylaşılması və ya hər hansı digər formada yayılması qadağandır, bu
hal şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə olmaqla mənəvi zərərin
yaranma əsası hesab edilir.

Şəxsin “WhatsApp” yazışmalarının onun xəbəri olmadan müxtəlif
vasitələrdən istifadə edilməklə izlənilməsi qadağandır. Yalnız
valideyn yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyətli
olmayan uşağının telefonuna onun razılığı olmadan baxa bilər.