
Polşa Xarici İşlər Nazirliyi Ukraynada davam edən müharibə və rəsmi Moskvanın Varşavanı “qeyri-dost” dövlət elan etməsi səbəbindən ölkə vətəndaşlarına Rusiyaya səyahət etməkdən çəkinməyi tövsiyə edib.
“Report” xəbər verir ki, bu barədə Polşanın xarici siyasət idarəsinin saytında dərc olunmuş rəsmi açıqlamada bildirilib.
Nazirlik həmçinin hazırda Rusiyada olan Polşa vətəndaşlarına şəxsi, ailə və ya peşə halları ölkədə qalmağı tələb etmədiyi təqdirdə, mövcud kommersiya və şəxsi vasitələrlə ərazini tərk etməyi tövsiyə edib.
Sənəddə Rusiyadakı Polşa vətəndaşlarına konsulluq yardımı göstərmək imkanlarının getdikcə məhdudlaşdığı vurğulanıb. Bu, Rusiya hakimiyyətinin Polşanın Sankt-Peterburq və Kalininqraddakı baş konsulluqlarını bağlamaq qərarı ilə bağlıdır və bu qərar diplomatik və konsulluq personalının sayının azalmasına səbəb olub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


