Sabahdan DİM-də imtahan materiallarının emalına başlanılacaq

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 15-də ali təhsil
müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd)
keçirib.

DİM-dən Trend
bildirilib ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə,
Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunub. Saat
11:00-da başlanan imtahan 3 saat 30 dəqiqə davam edib.

İmtahan vermək üçün 22780 bakalavr ərizə təqdim edib. İlkin
məlumata əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub. Müvafiq hal
protokollaşdırılaraq həmin şəxs imtahandan xaric olunub. Hazırda
qeyd olunan qayda pozuntusu ilə bağlı araşdırma aparılır. DİM bir
daha imtahan iştirakçılarını bu cür hərəkətlərdən çəkinməyə çağırır
və bu hərəkətlərə yol vermiş şəxslər, onları bu işə təhrik
edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini
diqqətə çatdırır.




Fevralın 16-dan etibarən DİM-də imtahan materiallarının emalına
başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3
gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli
tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə
xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6
həftə ərzində təqdim olunacaq.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual
kitabçalarını özləri ilə aparmağa icazə verilib.