
Bakı. Trend:
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam
Allahşükür Paşazadə fevralın 9-da Vatikanda Müqəddəs Taxt-Tacın və
Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leo
ilə görüşüb.
Bu barədə Trend-ə QMİ-nin Mətbuat Xidmətindən məlumat
verilib.
Bildirilib ki, pontifikin şəxsi dəvəti ilə baş tutan
audiensiyada Şeyxülislam A.Paşazadə və Azərbaycandakı dini
konfessiya rəhbərləri – Roma Katolik Kilsəsinin Azərbaycandakı
Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete,
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev,
Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad
yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev iştirak
ediblər.
Qonaqları səmimi salamlayan Papa XIV Leo Azərbaycandakı dini
konfessiyaların birlikdə Vatikana təşrif buyurmasını sülh, insan
qardaşlığı mühitində birgəyaşayışın mümkünlüyünün ən gözəl nümunəsi
olaraq yüksək dəyərləndirib.
QMİ sədri Şeyxülislam A.Paşazadə Prezident İlham Əliyev, Birinci
vitse-prezident Mehriban Əliyevanın, Azərbaycan xalqının səmimi
salamlarını Papa XVI Leo həzrətlərinə çatdırmaqdan böyük şərəf
duyduğunu ifadə edib.
Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan,
Prezident İlham Əliyev tərəfindən davam etdirilən və ölkəmizin
Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri ilə inkişaf
etdirilən Azərbaycan-Vatikan əlaqələrinin yüksək səviyyəsi bizi
olduqca məmnun edir.
Bildirib ki, mərhum Roma Papası Fransisk həzrətlərinin
Azərbaycana tarixi səfəri, Azərbaycandakı dini konfessiyaların
rəhbərləri ilə görüşü və ölkəmizin multikultural dəyərləri,
nümunəvi dinlərarası mühiti barədə xoş fikirləri hər zaman
xatirimizdədir.
Şeyxülislam A.Paşazadə Vatikanla Qafqaz Müsəlmanları İdarəsi
arasında dinlərarası əməkdaşlıq müstəvisində əlaqələrin
səviyyəsindən məmnunluğunu ifadə edərək bu münasibətlərin daha da
dərinləşdirilməsinin vacibliyinə diqqəti çəkib, QMİ-nin Vatikanda
nümayəndəliyinin təsis olunmasının bu prosesə böyük töhfə verə
biləcəyini vurğulayıb.


