CAREC ölkələri transərhəd ticarətə əngəl yaradan mövcud əngəlləri aradan qaldırmalıdırlar

Baş səhifə

Bakı. Trend:

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC)
üzv ölkələr transsərhəd ticarət üçün əngəl yaradan mövcud maneələri
aradan qaldırmalıdırlar.

Trend xəbər verir
ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) saytında dərc olunan
məqalədə deyilir.

CAREC proqramı 11 ölkəni – Əfqanıstan, Azərbaycan, Çin Xalq
Respublikası, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan,
Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı birləşdirir.

“CAREC regionunda qarşılıqlı faydalı ticarət və investisiyaların
genişləndirilməsi üçün əhəmiyyətli dərəcədə istifadə olunmamış
potensial mövcuddur. CAREC çərçivəsində əvvəllər aparılmış və
Ticarət və İnvestisiyaların Təşviqi üzrə Tərəfdaşlıq Sazişinin
(CARTIF) konsepsiyasının əsasını təşkil edən üç tədqiqat bir sıra
davam edən maneələri üzə çıxarıb. Bunlara malların ticarəti üzrə
tarif və qeyri-tarif tədbirləri, xidmətlər bazarlarının
tənzimlənməsində fərqlər, standartların və uyğunluğun təsdiqi
prosedurlarının məhdud tanınması, sahibkarların və xidmət
təminatçılarının hərəkətinə qoyulan məhdudiyyətlər, eləcə də
treyderlər və investorlar üçün xərcləri və qeyri-müəyyənliyi
artıran müxtəlif daxili maneələr daxildir. Məhz buna görə də
tariflər CARTIF-in ilkin protokollarında nəzərdə tutulmur, çünki
onlar mərhələli və diferensial yanaşma tələb edir”, – nəşrdə qeyd
olunur.




CAREC-in Azərbaycan, Qazaxıstan və Özbəkistanda tranzit
ticarətin təşviqi üzrə tədqiqatlarından əldə olunan əlavə
məlumatlar, həmçinin AİB-in CAREC dəhlizləri boyunca ticarətin
asanlaşdırılması və nəqliyyat infrastrukturu üzrə təhlili tranzit
ticarəti ləngidən və regional dəhlizlər üzrə beynəlxalq daşımaları
məhdudlaşdıran hüquqi, tənzimləyici, institusional və infrastruktur
maneələrinin hələ də mövcud olduğunu vurğulayır.

“Məcmu şəkildə bu nəticələr CAREC ölkələrinin transsərhəd
ticarət və investisiyalar üçün qalan maneələrin aradan qaldırılması
istiqamətində səylərini gücləndirməsinin zəruriliyini göstərir.
CAREC azad ticarət sazişinin müxtəlif variantlarının empirik
qiymətləndirilməsi də sübut edir ki, transsərhəd ticarət və
investisiya şəraitinin yaxşılaşdırılması xüsusilə dənizə çıxışı
olmayan ölkələr üçün əhəmiyyətli iqtisadi faydalar gətirə bilər”, –
deyə məqalədə qeyd olunub.

Xatırladaq ki, 20 noyabr 2025-ci ildə CAREC-in 24-cü nazirlər
konfransında CARTIF üzrə danışıqları rəsmi olaraq işə salan Bişkek
Bəyannaməsi qəbul edilib. Bu addım CAREC ölkələrinin ticarət və
investisiyalar sahəsində regional iqtisadi əməkdaşlıq və
inteqrasiyanın təşviqi istiqamətində səylərində mühüm mərhələ
olub.

CARTIF CAREC proqramı çərçivəsində iyirmi ildən artıq
əməkdaşlığa, o cümlədən “CAREC Strategy 2030” və “CAREC Integrated
Trade Agenda 2030” sənədlərində əks olunan nailiyyətlərə, eləcə də
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması
üzrə Sazişi kimi beynəlxalq saziş və konvensiyaların icrasına
əsaslanır. Sazişin məqsədi transsərhəd ticarət və investisiyaların
asanlaşdırılması üçün inklüziv, şəffaf və çevik regional iqtisadi
tərəfdaşlıq yaratmaqdır.