Ukraynada hakim partiyanın sədri: Seçkilərin bu il olub-olmaması sülh prosesindən asılıdır

Baş səhifə

Ukraynada hakim “Xalqın xidmətçisi” partiyasının sədri, Ali Radanın birinci vitse-spikeri, müharibə şəraitində seçkilərin və referendumun keçirilməsi ilə bağlı qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupun rəhbəri Oleksandr Korniyenko “Report”un Şərqi Avropa bürosuna müsahibəsində ölkədə müzakirəsi gedən hərbi rejimdə seçkilərin keçirilməsi, Azərbaycanın Ukraynaya yardımı, ölkədaxili siyasi məsələlər, Qərb təşkilatları ilə əməkdaşlıq və digər məsələlərə toxunub.

“Report” müsahibəni təqdim edir.

– Siz müharibə şəraitində seçkilərin və referendumun keçirilməsi ilə bağlı qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupun rəhbərisiniz. Yeni qanun layihəsinin nə zaman təqdim olunacağı gözlənilir?

– İşçi qrup həqiqətən də Ali Radanın sədri tərəfindən döyüşlər dayandıqdan sonrakı dövrdə, amma hərbi rejimdə seçkilərin keçirilməsi ilə bağlı məsələlərin işlənib hazırlanması üçün yaradılıb. Bu, yəqin ki, qrupumuzun işinin daha böyük hissəsi, daha böyük mandatdır. Layihə həmçinin xüsusi dövrdə, məsələn, hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi ilə bağlı olacaq. Hazırda qrup daxilində ekspertlərin və siyasətçilərin arasında kifayət qədər dərin müzakirə aparılır. Buna səbəb hərbi vəziyyət zamanı demokratik tədbirlərin (seçkilərin) keçirilməsinin insan hüquqlarının məhdudlaşdırılması baxımından çox çətin olmasıdır.

Belə hüquqi rejim zamanı seçki hüquqlarının təmin edilməsindən danışmaq çox çətindir. Bu, təşviqat, namizəd olmaq, seçilmək imkanı ilə bağlıdır. Buna görə də, yəqin ki, daha çox müharibədən sonrakı seçkilərdən danışmaq olar. Əgər hərbi vəziyyətin ləğv edilməsinə qədər baş tuta biləcək seçkilərdən danışırıqsa, hər halda, onlar yalnız atəşin tam və bütöv şəkildə dayandırılması zamanı ola bilər. Atəşin dayandırılması bir gün və ya Putinin (Rusiya Prezidenti) dediyi kimi, yeddi gün olmamalı, minimum 30-60 gün olmalıdır. Bizim qanunvericiliyimiz müəyyən seçki növlərini nəzərdə tutur. İki növ seçki var: növbəti və növbədənkənar.

Müharibədən sonra üçün təklif olunan layihə hansısa üçüncü növ seçki olacaq. Bizim hələ belə anlayışımız yoxdur, onu icad etmək lazımdır. Lakin növbəti seçkilər həmişə 90 gün, növbədənkənar isə 60 gün olur. Biz qanunvericiliyimizdə başqa müddətlər bilmirik, onları yenidən düşünmək çətin olacaq. Seçkilərin bu il olub-olmaması, əlbəttə ki, sülh prosesindən asılıdır. Danışıqlar prosesi var, lakin təəssüf ki, hələlik Rusiya Federasiyasının sülh prosesinə getməyə tam istəyi və tam hazırlığını görmürük. Onlar atəşləri davam etdirirlər və bu, əlaqə qruplarının görüşləri ilə paralel baş verir.

– Hazırkı durum seçkilərin bu il baş tutacağına əsas verirmi? Belə ki, uzun zaman müharibə getdiyini və seçicilərin bir qisminin ölkədən köçdüyünü nəzərə almaq lazımdır.

– Bu il seçkilərin baş tutmasını proqnozlaşdırmaq çətindir. Yaxın bir neçə ayda baş verəcəkləri görməyənə qədər belə əsaslar görmürəm. Bizdə maya qədər hərbi vəziyyət rejimi vəziyyəti qüvvədədir. Digər tərəfdən, Rusiya hərbi təcavüzünü artırır. Bu şəraitdə seçkilər keçirilərsə, ölkədən kənarda olan ukraynalıların səs verə bilməsi problemləri olacaq. Rusiyada olan Ukrayna vətəndaşlarının səs verməsi necə obyektiv ola bilər? Bunun yolunu düşünmək çətindir. Düşünürəm ki, yenə də Avropada yaşayan ukraynalılar, Birləşmiş Ştatlarda olanlar səs verməlidirlər. Hamımız təcavüzkar ölkənin davranışını başa düşürük və orada heç kim təminat verə bilməz ki, bu səsvermə normal olacaq. Avropada və bütün dünyada ukraynalıların səsvermələrini təmin etmək olar.

– Ümumiyyətlə, seçkilərin baş tutması ilə bağlı tələb olunan xərc barədə təxmini təsəvvür var?

– Tərəfdaşlar başa düşürlər ki, bu seçkiləri onlar maliyyələşdirəcəklər. Biz onlarla danışıqlar aparırıq. Hələlik bunu texniki cəhətdən seçki komissiyası həyata keçirir. Əslində, burada mürəkkəb hesablamalar yoxdur, çünki bu xərclərin 90%-i komissiya üzvlərinin əmək haqqıdır. Son seçkilərdən, 2019-cu il parlament seçkiləri vaxtından yaşayış minimumu, orta aylıq əmək haqqı bir neçə min qrivna, bəzi göstəricilər isə iki dəfə artıb. Ona görə də müvafiq olaraq, əgər əvvəllər seçkilər 2,5-3 milyard qrivnaya başa gəlirdisə, sadəcə ikiyə vurmaqla indi bu rəqəm 6 olacaq. Burada hələ də, məsələn, xaricdəki komissiya üzvlərinə kompensassiyalarla bağlı bir sıra məsələlər var. Bu necə həyata keçirilsin? Əgər məsələn, bizim tənzimləmə yolu ilə getsək, bu insanların bir hissəsi orada olacaq, bir hissəsi ezamiyyətdə ola bilər. Bu, hələ də əlavə xərclərdir. Yəni bu kimi açıq suallar var.

– Bir partiya sədri kimi, növbəti dəfə namizədiniz olacaq Volodimir Zelenskiyə rəqib kimi görürsünüz?

– Mən indi bu məsələni qaldırmazdım. Kim namizəd olacaq, bu necə olacaq, hələ bilinmir. İndi ölkədə daha böyük problemlər var. Məsələn, enerji böhranı. Təəssüf ki, həddindən artıq siyasiləşmə, xüsusən də bəzi müxalifət siyasətçilərinin addımları bu məsələləri həll etməyə kömək etmir. Parlamentdə hətta elə partiyalar var ki, artıq üç-dörd dəfə qərargahlar açıb, seçki komissiyaları yaradıb, siyahılar düzəldib, insanlara hətta pul ödəyiblər. Bütün bunlar nəticəsiz qalıb. Və bütün bunlar yeddi ildir ki, belədir. Artıq bizim parlamentimiz öz səlahiyyətlərinin 6 ilini qeyd edib. Ukraynada heç bir parlament heyəti bu qədər uzun müddət olmayıb. Təəssüf ki, təcavüzkar ölkə həm demokratiyanı, həm də seçkiləri vaxtında keçirmək imkanını əlimizdən alıb. Ona görə də indi, məncə, ümumiyyətlə bu analitika ilə məşğul olmağın, belə proqnozlaşdırmanın vaxtı deyil. Gəlin, görək hadisələr, o cümlədən siyasi hadisələr necə inkişaf edəcək. İndi hər şeyi etmək lazımdır ki, ən azı bu seçkiləri keçirmək imkanımız olsun.

– Sizə elə gəlmirmi ki, son korrupsiya qalmaqalı komandanızın reytinqinə ciddi şəkildə mənfi təsir etdi?

– Biz dəyişikliklər edirik ki, hansısa qalmaqalların təsirini azaldaq. Qalmaqallar, bəli, çox olub və var. Amma qalmaqallara reaksiya çox vacibdir. Prezidentin reaksiyası demək olar ki, dərhal oldu. Yəni müəyyən təmizləmə oldu. Bu qalmaqalların iştirakçılarının işdən çıxarılmasını nəzərdə tuturam. Antikorrupsiya orqanlarının işi haqqında danışsaq, məsələn, Ali Radadan, partiyanın rəhbərliyi tərəfindən tam dəstək var. Biz bu ölkədə korrupsiyaya qarşı istənilən mübarizəni dəstəkləyirik. Məsələn, yeni təyinatlar orduya yeni nəfəs vermək üçün vacibdir. Yeni müdafiə naziri Mixaylo Fedorov dünyada ən gənc müdafiə naziridir. 35 yaşlı nazirlə siyasi karyeramızı birlikdə başlamışıq. O, 2022-ci ildən başlayaraq dəfələrlə sübut etdi ki, həm çox vətənpərvər bir insandır, həm də hərbi məsələlərdən baş çıxarır, dron strategiyamızın da əsas təşəbbüskarı odur.

Denis Şmıqala gəldikdə, o, əslində bizdə həqiqətən energetika naziri vəzifəsinə layiq olan azsaylı insanlardan biridir. Təəssüf ki, son vaxtlar bizdə bu, nadir hallarda olub. O, vaxtilə böyük bir istilik elektrik stansiyasının direktoru işləyib. Dəqiq bilir ki, bu sahə necə işləyir, nə lazımdır, orada hansı problemlər var. Və budur, bizdə artıq günlərdir böhran vəziyyəti var idi və o, göstərdi ki, bu məsələləri nə qədər keyfiyyətli şəkildə izah edir, onları daha sonra necə həll edəcək.

Ümid edirik ki, yenə də dünya, Avropa ictimaiyyəti bizim enerji fonduna kömək edəcək. Bununla bağlı böyük problemlərimiz var. Bilirik ki, Azərbaycan generatorlarla kömək edir və bunun mütəmadi təşkili üçün Azərbaycana çox minnətdarıq. Çünki əslində indi hər bir generator – bu, işığın lazım olduğu yerdə, böhran infrastrukturunda, məktəbdə, xəstəxanada, insanlar, pensiyaçılar, gəlirsiz insanlar üçün qızdırma məntəqəsində və sair bir dəqiqə və ya bir saat işıq deməkdir. Buna görə, Azərbaycanın diqqəti bizim üçün önəmlidir.

– Müsahibələrinizin birində qeyd etmisiniz ki, Ukraynada seçkilər prosesində missiya olaraq ATƏT-lə yox, Avropa İttifaqı və Avropa Şurası ilə əməkdaşlığa üstünlük verərdiniz. Bu, Ukraynanın yekun siyasi qərarıdır?

– Bu mürəkkəb sualdır. Biz bütün bu təşkilatların güclü tərəflərini düzgün birləşdirmək üzərində işləyirik. Əslində, ATƏT-in İnsan Hüquqları üzrə Demokratiya Bürosu seçkiləri müşahidə standartlarını müəyyən edən qurumdur. Biz bu standartlardan uzaqlaşmırıq. Lakin ATƏT missiyasının formalaşdırılması ilə bağlı bir sıra suallar var. Biz gördük ki, Maltada ATƏT nazirlər görüşündə Rusiyadan Sergey Lavrov var idi… Bizim üçün Ukraynadakı seçkilərə müşahidənin təsdiq edilməsi məsələlərinə dair belə konfransların birində Lavrovun orada əl qaldıracağı, yaxud nəyəsə səs verəcəyi və s. vəziyyətini təsəvvür etmək çətindir. Biz konkret ölkələrin missiyalarına etiraz etmirik, əksinə, biz onları çox alqışlayacağıq. O cümlədən Azərbaycandan. Əminik ki, Azərbaycan Milli Məclisindən nümayəndə heyəti gələ bilər. Jurnalistlər mütləq gələcəklər. O cümlədən sizin ictimai xadimləriniz və sair. Missiya ilə bizim seçkilərdə müşahidə aparmaqlarından məmnun olarıq. Lakin burada məsələ məhz ATƏT-in səlahiyyətliliyidir. Bunun əvəzində həqiqətən Avropa Parlamentinin, Avropa İttifaqının, beynəlxalq təşkilatların missiyaları var. Gəlin yenə də seçkilərə qədər yaşayaq. O zaman onların necə müşahidə edəcəyini anlamaq daha asan olacaq.

– Prezident Volodimir Zelenskinin bu yaxınlarda Davosdakı tənqidi çıxışı Avropada birmənalı qarşılanmadı. Hətta bunun ardınca Almaniya Ukraynaya hərbi yardımı məhdudlaşdırdığını açıqladı. Sizcə, bu kəskin çıxış Avropa ölkələri ilə münasibətlərdə radikal dəyişikliyin işarəsidir?

– Onunla əlaqəli deyil. Bu, Almaniyanın mövqeyidir və çoxdan belədir. Onlar vaxtaşırı bütün paketlərini, yardımlarını yenidən nəzərdən keçirirlər. Lakin bizim diplomatlarımız çox aktiv şəkildə işləyirlər ki, bütün əsas belə baza məsələlər saxlanılsın. Eyni şəkildə biz Bundestaqla çox işləyirik, bizdə böyük dostluq qrupu var, səfərlər həyata keçirilir. Məsələn, keçən il ən çox getdiyim yerlərdən biri Berlin idi. Çünki mən Avropa inteqrasiyası prosesi, Ukraynanın Aİ-yə daxil olması və üzvlüyə qəbul üzrə milli danışıqlar ilə məşğulam.

Aydındır ki, Berlin Paris və Roma ilə birlikdə açar paytaxtlardan biridir. Davosda prezidentin çıxışına gəldikdə isə düşünmürəm ki, bu kardinal olaraq yeni bir şeydir. Biz Ukraynada çoxdan belə əhval-ruhiyyələri bölüşürük. Ola bilsin ki, prezidentin çıxışındakı kimi sərt sözlərlə deyil, amma hər kəs bunu fərqli şəkildə deyir. Bu, indi işıqsız evində və bombardman altında oturan istənilən ukraynalının fikridir. Xüsusilə Rusiya Federasiyası ilə sərhəd ərazidə və ya cəbhəyanı ərazidə olan ukraynalılarda həmişə sual var: niyə tərəfdaşlar bizi onların bacardığı qədər aktiv, onların bacardığı qədər effektiv dəstəkləmirlər? Bəli, onlar bacardıqları hər şeyi edirlər və biz bunun üçün onlara çox minnətdarıq, mən həmişə onlara təşəkkür edirəm. Biz bütün şərtləri başa düşürük, amma prezidentin ritorik sualları hansısa ölkəyə qarşı bir mövqe deyildi. Bu, sadəcə fəal olmayacaq təqdirdə gözlənən təhlükənin xəbərdarlığı idi.

Tərəfdaşlarda qərarlar çox uzun müddət qəbul edilir. Biz onları çox uzun zaman gözləyirik. Bəzi qərarlar qəbul edilmir. Bir sistem var orada. Avropada müharibə var və bunu başa düşməlidirlər. Nə qədər tez bunu başa düşsələr, bir o qədər asan olar. Biz məhz bundan danışırıq ki, buna müharibə kimi yanaşmaq lazımdır. Rusiya Federasiyası çox aqressivdir. Onun gələcək üçün çox planları var. Təəssüf ki, əgər o, keyfiyyətli şəkildə Kiyevdə, Ukraynada dayandırılmasa, o zaman onu sonra Tallində, Riqada və digər paytaxtlarda, Avropaya daha yaxın yerlərdə dayandırmaq lazım gələcək. Mən tədricən tərəfdaşların bunu anladıqlarını görürəm. Bəli, onlarda artıq bu hiss var ki, daha aktiv olmaq lazımdır. Skandinaviya, Baltikyanı, Polşa çox aktivdir. Artıq Fransa və Almaniya da meydana çıxır, onlarda müəyyən anlayış var. Britaniya həmişə bu məsələlərdə çox aktiv olub. O da bizim strateji tərəfdaşımızdır. Amma düşünürəm ki, onlara hələ də bunu daha dərin başa düşmək üçün vaxt lazımdır.

– Hazırda danışıqlar prosesi yenidən aktivləşib və düyün nöqtə ərazi güzəşti və Zaporojye AES məsələsidir. Bu dalandan necə çıxacaqsınız?

– Gözəl və ən vacib sualdır. Bizim öz mövqeyimiz, öz milli maraqlarımız var. Ərazilərimizi güzəştə gedə bilmərik və bunu etməyəcəyik. Zaporojye atom stansiyası mühüm strateji obyektdir. Eyni zamanda bizdə indi çox enerji sahəsi, çox generasiya gücləri məhv edilib. İqtisadiyyatımızın bərpası üçün o vacibdir. Rusiya Prezidenti ABŞ Prezidenti Trampın martda təklif etdiyi kimi, təmas xətti üzrə dayanmağa dair heç bir xoş niyyət göstərmir. Artıq gələn ilin martı yaxınlaşır, o təklifdən sonra müharibə daha bir ildir davam edir…

– Yeri gəlmişkən, bura sizinlə müsahibəyə gələnə qədər, komanda üzvünüz, Nikolayev vilayətinin rəhbəri Vitaliy Kimin açıqlamasına rast gəldik. Təklif edir ki, ərazidən çox insanları düşünək…

– Bu, onun fərdi siyasi mövqeyidir, yəqin ki, buna haqqı var. Hər hansı bir siyasətçi kimi, o, öz siyasi mövqeyinə haqq qazanıb. Əgər siz bizim bir çox həmkarlarımızın fikirlərini təhlil etsəniz, belə bir mövqe çoxunda var. Amma o da orada əsas şərt kimi təhlükəsizlik zəmanəti və suverenliyi göstərir. Mən Ali Baş Komandanın mövqeyini dəstəkləyirəm. O, hazırda Ukrayna Prezidentidir, Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədridir. Bizdə müəyyən edilmiş strateji istiqamətlər var. Danışıqlarda bizim qrupumuzun həyata keçirdiyi vahid mövqe var. Danışıqlar əlbəttə, mürəkkəb məsələdir. Rusiya Federasiyasının şərtləri ilə müharibənin başa çatması nöqteyi-nəzərindən sadə deyil. Biz təhlükəsizlik təminatları almağa, onları dəstəkləməyə, öhdəliklərimizi tanımağa hazırıq.

Yeri gəlmişkən, Birləşmiş Ştatlarla müqavilə üzrə də bunu tanıdıq. Birləşmiş Ştatlar bilir ki, biz çox etibarlı tərəfdaşlarıq. Biz təhlükəsizlik təminatçıları olmadan Rusiyaya təslim olmuş sayılacağıq. Çünki təhlükəsizlik təminatçıları olmadan Ukrayna uğursuz dövlət olacaq və bu, Rusiya Federasiyasının daha böyük qələbəsi olacaq. Ona görə də burada bütün müttəfiqlər koalisiyası ilə birlikdə, Birləşmiş Ştatların da Rusiyaya düzgün təzyiq göstərmələri çox vacibdir. Biz hərbi müqaviməti davam etdirəcəyik. Avropa iqtisadi cəhətdən təzyiq göstərməli, bizi dəstəkləməli və Rusiyanı bu sülhün ədalətli şərtlərinə razılaşacağı şərtlərə gətirməlidir.