Bakı. Trend:
Polşada qışın başlanğıcından bəri güclü şaxtalar nəticəsində azı
92 nəfər həlak olub.
Trend xəbər verir
ki, məlumatı daxili işlər nazirinin müavini Veslav Şçepanski
Təhlükəsizlik üzrə Hökumət Mərkəzində müxtəlif xidmətlərin
nümayəndələri ilə keçirilən təcili brifinqdə açıqlayıb.
Şçepanski ölkənin şərqində vəziyyətin xüsusilə ağır ola
biləcəyinə diqqət çəkib: “Bu gecə Suvalk şəhərində (Podlyaska
voyevodalığı) temperatur mənfi 29 °C-yə qədər enə bilər, hiss
olunan temperatur isə mənfi 36 °C-dən mənfi 38 °C-yə qədər
olacaq”.
O, əlavə edib ki, qışın başlanğıcından bəri azı 38 nəfər
donvurmadan, daha 54 nəfər isə dəm qazından zəhərlənərək ölüb.
Fövqəladə xidmətlər, o cümlədən təxminən 8,6 min polis əməkdaşı,
soyuqdan sığınacaq axtaran insanları tapmaq üçün tərk edilmiş
binaları, zibil konteynerlərini və kanalizasiya lüklərini yoxlayır.
Şəhərlərdə xüsusi çadırlar qurulub, dəmir yolu stansiyaları isə
gecə boyu açıq saxlanılır ki, insanlar sığınacaq tapa
bilsinlər.

