Milli Müdafiə Universiteti xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu elan edir

Baş səhifə

Bakı. Trend:

Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 31 may
tarixinədək Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb
Fakültəsinə, Bakı və Naxçıvan Hərbi Kolleclərinə, Heydər Əliyev
adına və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərinə elektron sənəd
qəbulu elan edir.

Universitetdən Trend-ə bildirilib ki, Azərbaycan Respublikasının
vətəndaşları istənilən bölgədən mmu.edu.az saytının “Təhsil
müəssisələrinə qəbul” bölməsindən müraciət etməklə seçdiyi təhsil
müəssisəsinə aid sənəd qəbulu portalına keçid edərək, müvafiq
portaldakı “Sənədlər” hissəsindən proseslə bağlı məlumatları əldə
edə bilər (qadın cinsli vətəndaşların qəbulu yalnız Heydər Əliyev
adına Hərbi İnstituta, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb
Fakültəsinin “Hərbi həkim” və “Hərbi feldşer işi” ixtisaslarına
nəzərdə tutulmuşdur).

Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə,
Bakı və Naxçıvan Hərbi Kolleclərinə müraciət edənlər üçün tibbi
müayinələrin keçirilməsi 01 aprel – 30 iyun, Hərbi Liseylərə
müraciət edən vətəndaşlar üçün 01 may – 30 iyun, seçimlərin
aparılması isə 01 iyul – 31 avqust tarixlərində nəzərdə
tutulur.




Qadın cinsli namizədlərin qəbulu Müdafiə Nazirliyinin müəyyən
olunmuş kadr tələbatına və ixtisaslar üzrə plan yerlərinə uyğun
olaraq həyata keçirilir.

Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə
Universitetinin çağrı mərkəzi – *0811 (iş günlərində saat 09:00-
dan 17:30-dək) və [email protected] elektron poçt ünvanı
fəaliyyət göstərir.