ABŞ-də ICE agentlərinin order olmadan həbs səlahiyyətləri genişləndirilib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) öz
agentlərinin məhkəmə orderi olmadan insanları həbs etmək
səlahiyyətlərini genişləndirib.

Trend-in
məlumatına görə, bu barədə daxili sənədləri əldə etmiş “The New
York Times” (NYT) qəzeti xəbər yayıb.

Nəşr yazır ki, yeni qaydalar federal agentlərin səlahiyyətlərini
əhəmiyyətli dərəcədə artırır. Əvvəllər ICE əməkdaşları konkret bir
şəxsin saxlanılması üçün məhkəmə orderi alaraq hədəfli həbslər
həyata keçirirdilər. Yeni yanaşmaya əsasən isə reydlər zamanı bir
şəxsin ölkədə qanunsuz olduğu və həbs orderi rəsmiləşdirilənədək
qaça biləcəyi barədə şübhə yaranarsa, agentlər onu dərhal saxlaya
biləcəklər.




NYT qeyd edir ki, əvvəllər bu cür addımlar yalnız immiqrasiya
agenti şübhəlinin gələcəkdə mühakimədən yayınacağı, məsələn,
məhkəmə dinləmələrinə gəlməyəcəyi ehtimal edildikdə mümkün idi.
Qəzet xatırladır ki, ICE-in direktoru vəzifəsini icra edən Todd
Leyons daha əvvəl bu cür yanaşmanı “əsassız” və “yanlış”
adlandırmışdı. Yeni qaydalara görə isə, əgər ICE əməkdaşı order
verildiyi anda şəxsin “aşkarlandığı yerdə və ya digər konkret
ünvanda tapılmayacağına” qərar verərsə, məhkəmə orderi tələb
olunmayacaq.

NYT-nin rəyini öyrəndiyi ekspertlərin fikrincə, bu cür təfsir
həbs orderi institutunu faktiki olaraq mənasız edə və federal
agentlərə, demək olar ki, istədikləri şəxsi saxlamaq imkanı verə
bilər.