ABŞ-də əlverişsiz hava səbəbindən ölənlərin sayı 73-ə çatdı

Baş səhifə

Bakı. Trend:

ABŞ-də qar çovğunu səbəbindən həyatını itirən insanların sayı 73
nəfərə çatıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, çovğunun birbaşa təsiri nəticəsində azı 49 nəfər
həyatını itirib. Müxtəlif ştatlardan hava ilə potensial əlaqəli
daha 24 ölüm halı barədə məlumatlar daxil olub. Ölüm səbəbləri
sırasında hipotermiya (bədənin həddindən artıq soyuması),
yol-nəqliyyat hadisələri, eləcə də qarın əl ilə təmizlənməsi zamanı
baş verən ürək tutmaları göstərilir.




“NBC News” telekanalının məlumatına əsasən, həlak olanlar
Arkanzas, Kanzas, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi,
Ohayo, Pensilvaniya, Tennessi və Texas ştatlarında qeydə
alınıb.

Qeyri-sabit hava ABŞ-də 200 milyondan çox sakinin güzəranına
təsir göstərib, bəzi bölgələrdə qar örtüyünün qalınlığı 50 sm-dən
çox olub. Əlverişsiz hava səbəbindən ötən həftəsonundan etibarən
ölkə üzrə on minlərlə aviareys ləğv edilib

“PowerOutage” monitorinq resursunun məlumatına görə, hazırda
təxminən 300 min istehlakçı hələ də elektrik enerjisindən
məhrumdur. Onların əksəriyyəti ölkənin cənub-şərqində yerləşən
Tennessi və Missisipi ştatlarında yaşayır.