
Davos. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın
20-də Davosda aktivlərin idarə olunması üzrə dünyanın aparıcı
şirkətlərindən biri olan “BlackRock”-un baş icraçı direktoru Larri
Fink və bu şirkətin tərkibinə daxil olan “Global Infrastructure
Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru
Adebayo Oqunlesi ilə görüşüb.
Trend xəbər verir ki, söhbət
zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə “BlackRock”
arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf
perspektivləri, həmçinin Azərbaycanda infrastruktur sahəsində
potensial investisiya imkanları müzakirə olundu.
Dövlətimizin başçısının Davosa səfəri çərçivəsində Dövlət Neft
Fondu ilə “BlackRock” və bu şirkətin tərkibinə daxil olan, qlobal
infrastruktur investisiya idarəetmə şirkəti olan “Global
Infrastructure Partners” (GIP) arasında uzunmüddətli əməkdaşlığa
dair niyyət protokolunun imzalanmasının əhəmiyyətinə toxunuldu.
Sənəd mövcud əməkdaşlığın uzunmüddətli, strateji çərçivədə davam
etdirilməsini, eləcə də beynəlxalq infrastruktur investisiya
platforması çərçivəsində Azərbaycanda potensial investisiya
imkanlarının araşdırılmasını nəzərdə tutur. Niyyət protokoluna
əsasən, ARDNF-nin “GIP” tərəfindən idarə olunan infrastruktur
fondlarına və birgə investisiya imkanlarına 3-4 il müddətində 1,5
milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının nəzərdən
keçirilməsi planlaşdırılır. Əməkdaşlıq çərçivəsində Azərbaycanda
regional bulud və süni intellekt tələbatına xidmət edən məlumat
mərkəzləri və infrastruktur üzrə potensial investisiya imkanlarının
dəyərləndirilməsi, hava limanı infrastrukturu sahəsində “Global
Infrastructure Partners”in əməliyyat və idarəetmə təcrübəsi nəzərə
alınmaqla tərəfdaşlığın perspektivlərinin araşdırılması nəzərdə
tutulur. Azərbaycanda və ya ölkəmizlə əlaqəli infrastruktur
aktivlərinə dair investisiya imkanlarının dəyərləndirilməsi də
əməkdaşlığın əsas istiqamətlərindəndir. Niyyət protokolu Dövlət
Neft Fondunun qlobal investisiya ekosistemində mövqeyinin
möhkəmləndirilməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın daha da
genişləndirilməsinə və Azərbaycanın strateji əhəmiyyətli
infrastruktur sahələrində uzunmüddətli investisiya imkanlarının
formalaşdırılmasına töhfə verəcək
Görüşün sonunda Azərbaycan Prezidentinin iştirakı ilə niyyət
protokolunun mübadiləsi mərasimi oldu.

