Əksər şəhərlər 2035-ci ilə qədər dayanıqlı mobilliklə bağlı məqsədlərə çatmaya bilər – BCG

Baş səhifə

Bakı. Trend:

Şəhərlərin 90 faizindən çoxu 2035-ci ilə qədər şəhər
mobilliyinin yaxşılaşdırılması üzrə hədəflər müəyyən edib. Bu
hədəflər şəxsi avtomobillərdən istifadədən daha dayanıqlı nəqliyyat
formatlarına – ictimai nəqliyyata, velosiped və piyada
marşrutlarına keçidi nəzərdə tutur. Lakin “Boston Consulting Group”
(BCG) qlobal konsaltinq şirkətinin yeni araşdırması göstərib ki,
şəhərlər orta hesabla bu hədəflərdən 10–15 faiz-bənd geri
qalır.

Trend bu barədə
şirkətə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki dövrlərdə şəhərlərin əksəriyyətinin on il
ərzində cəmi 3-5 bənd irəliləyiş əldə etdiyi nəzərə alınsa, onların
bir çoxunun tələb olunan müddətdə mövcud fərqi aradan qaldıra
bilməyəcəyi ehtimal olunur.

“Dəyişikliklərə sadiqliyə baxmayaraq, şəhər hakimiyyətləri
mobillik transformasiyasının asan başa gəlmədiyini etiraf edirlər.
BCG-nin sorğusunda iştirak edən respondentlərin 90 faizindən çoxu
ən böyük effekt verəcək tədbirləri müəyyənləşdirməyin çətin
olduğunu bildirib. Onların yarıdan çoxu ictimai müqaviməti əsas
maneə kimi göstərib. Eyni zamanda şəhərlərin 50 faizindən azı
qərarların qəbul edilməsi prosesinə sakinləri sadə onlayn
sorğulardan kənar formatlarda cəlb edir.

Bu nəticələr “BCG City Mobility Compass: The Global Champions of
Urban Mobility” adlı tədqiqatda təqdim olunub. Tədqiqat
çərçivəsində 150 şəhər üzrə 20-dən çox göstərici – yol sıxlığından
və emissiyalardan tutmuş ictimai nəqliyyatın əlçatanlığına qədər –
təhlil edilib. Həmçinin 50-dən çox şəhər rəhbərinin sorğusunun
nəticələrindən istifadə olunub”, – şirkət qeyd edir.

BCG-nin Mobillik İnnovasiyaları Mərkəzinin rəhbərlərindən biri
və hesabatın həmmüəllifi Markus Hagenmayr bildirib ki, şəhərlərin
vaxtı azdır.

Onun sözlərinə görə, mövcud dəyişiklik templəri ilə şəhərlərin
əksəriyyəti 2035-ci ilə qədər mobillik hədəflərinə çatmayacaq və
hazırda fərq 10–15 faiz-bənd təşkil edir.

“Təkcə ambisiyalar kifayət deyil. Sürətləndirilmiş
transformasiyaya aparan ilk addım şəhərin hansı sahələrdə geri
qaldığını və hansı tədbirlərin ən qısa zamanda real nəticələr
verəcəyini dəqiq anlamaqdır”, – o bildirib.

Hesabatda bu sahədə uğur əldə etmiş şəhərlər də təqdim
olunub:




  • inkişaf etmiş ictimai nəqliyyata malik meqapolislər
    (Mass-Transit Megacities): lider Sinqapur, ardınca Tokio, Honq
    Konq, Seul və London;

  • çiçəklənən innovasiya mərkəzləri (Prosperous Innovation
    Centers): birinci yerdə Utrext, daha sonra minimal fərqlə Helsinki,
    Vyana, Amsterdam və Kopenhagen;

  • orta ölçülü ənənəvi şəhərlər (Traditional Middleweights): lider
    Stokholm, ardınca Manhaym, Vellinqton, Tallin və Rotterdam;

  • multimodal metropollar (Multimodal Metropolises): lider Berlin,
    yüksək mövqelərdə həmçinin Barselona, Madrid, Nankin və Pekin;

  • şəxsi nəqliyyatın üstünlük təşkil etdiyi meqapolislər (Private
    Transport Powerhouses): ən yüksək qiymətləndirməni San-Fransisko
    alıb, onun ardınca Nyu-York, Əbu-Dabi, Dubay və Sidney şəhərləri
    gəlir.

  • inkişaf etməkdə olan nəhəng şəhərlər (Developing Urban Giants):
    ilk beşlikdə Kuala-Lumpur liderdir, ardınca Banqalor, Manila, Dehli
    və Dakka gəlir.

Qeyd olunur ki, Mərkəzi Asiya və Xəzər regionu, o cümlədən Bakı,
Daşkənd, Almatı və İstanbul şəhərləri hələlik BCG City Mobility
Compass tədqiqatında təmsil olunmayıb.

Məlumata görə, nəzərə alsaq ki, əvvəlki dövrlərdə şəhərlərin
əksəriyyəti on il ərzində cəmi 3–5 bənd irəliləyiş əldə edirdi,
onların bir çoxunun tələb olunan müddətdə mövcud fərqi aradan
qaldıra bilməyəcəyi ehtimal olunur.