Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda Ağasadıq Gəraybəyli
küçəsində yerləşən Bakı Slavyan Universitetinin məcburi köçkünlərin
müvəqqəti məskunlaşdıqları 1 №-li yataqxanasının binasında yanğın
baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə
bölmələri tərəfindən yanğın söndürülüb.
Yanğın barədə məlumat daxil olduqdan sonra Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti
struktur bölmələrinin nümayəndələri hadisə yerinə yollanıblar.
İlkin araşdırma nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan
dəydiyi müəyyənləşdirilib. Yanğın nəticəsində xəsarət alan olmayıb.
Yaşayış sahələri tamamilə yararsız hala düşmüş ailələrin müvəqqəti
yerləşdirilməsi və onlara dəyən maddi ziyanın müəyyənləşdirilməsi
üçün tədbirlər görülür. Yararsız vəziyyətdəki yaşayış sahələrinin
qısa zamanda təmir edilməsi nəzərdə tutulur.

