
Bakı. Trend:
Monqolustanın Süxbaatar və Dornod vilayətlərində xırdabuynuzlu
heyvanların çiçək və nodulyar dermatit xəstəlikləri, Fələstin
Dövlətinin Tubas, Hevron əyalətlərində, həmçinin Çinin
Quanqsi-Çjuanq muxtar rayonunda dabaq, Slovakiyanın Nitra diyarında
isə yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Trend
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir
ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına əsasən,
qeyd olunan ərazilərdə xəstəliyin ləğv edilməsindən sonra gözləmə
müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisinin
yoluxucu xəstəliklərdən qorunması məqsədilə sözügedən regionlara
tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda
müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə
müraciət olunub.

