Bir il ərzində 9 şəhər, 27 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub – “Aztelekom”

Baş səhifə

Bakı.Trend:

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində AZCON Holding
şirkətlərindən olan “Aztelekom” MMC Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında rabitə və internet infrastrukturunun
qurulması istiqamətində fəaliyyətini davam etdirir.

Trend xəbər
verir ki, bu barədə “Aztelekom” MMC məlumat yayıb.

Bildirilib ki, son bir il ərzində bu ərazilərdə həyata keçirilən
layihələr nəticəsində bir sıra yaşayış məntəqələri müasir
telekommunikasiya xidmətləri ilə təmin olunub.

Hesabat dövründə ümumilikdə 9 şəhər, 27 kənd və qəsəbədə rabitə
infrastrukturu qurulub. Son bir il ərzində bu ərazilərdə 4308 yeni
abunəçi (ev təsərrüfatı və biznes subyektləri) qoşulub.




Ərazilərdə quraşdırılmış 25 OLT (Optik Xətt Terminalı)
avadanlığı vasitəsilə müasir GPON (Giqabit Tutumlu Passiv Optik
Şəbəkə) texnologiyası üzərindən sabit və sürətli internet
bağlantısı yaradılıb.

Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulan
mərhələsi çərçivəsində planlaşdırılmış 25 magistral xəttin
tikintisi üzrə işlər uğurla başa çatdırılıb. Ümumi uzunluğu 1000
kilometrə yaxın olan fiber-optik magistral şəbəkə bölgədə rabitə
infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edən əsas
baza rolunu oynayır.

“Aztelekom” MMC gələcək illərdə də bu istiqamətdə fəaliyyətini
genişləndirərək regionda müasir və dayanıqlı telekommunikasiya
infrastrukturunun tam formalaşdırılmasına töhfə verəcək.