
Bakı. Trend:
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 31
Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik
edib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təbrikdə qeyd
olunub:
“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar,
çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki
işçilər!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni
il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm
cansağlığı, əzmli və iradəli olmağınızı arzulayıram.
Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilən
Azərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılması
respublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəm
zəmin yaratmışdır. Möhtərəm Prezident cənab İlham Əliyevin
rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən
mühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da
artmışdır.
Respublikamızın müdafiə qüdrətinin artırılmasında əldə olunan
böyük nailiyyətlər, eyni zamanda orduda aparılan genişmiqyaslı
islahatlar şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirdi.
Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusunun
Vətən müharibəsində qazandığı parlaq Qələbə və uğurlu antiterror
əməliyyatı nəticəsində respublikamızın ərazi bütövlüyü və suveren
hüquqları, konstitusiya quruluşu tam təmin olundu.
Bakı şəhərində möhtəşəm şəkildə keçirilən 8 Noyabr – Zəfər
Gününün beşinci ildönümünə həsr olunmuş hərbi parad gündən-günə
qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyini bir daha təsdiq
etdi. Eyni zamanda dövlət başçısının Sərəncamı ilə ölkəmizdə
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi
Azərbaycanın müstəqil dövlətçilik tarixində əlamətdar hadisə kimi
geniş qeyd olundu.
Dövlət müstəqilliyimizin əsas atributlarından biri sayılan
üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş
ərazilərdə rəşadətli Azərbaycan Ordusu Vətənimizin keşiyində
ayıq-sayıq dayanmaqla bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə
həyata keçirilməsinə, layiqli töhfələrini verməkdədir.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi
anda və nizamnamələrə daim sadiq qalaraq bundan sonra da daima
döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə
yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da
artıracaqsınız.
Hərbi Anda sədaqətə, çətin və şərəfli xidmətdə fədakarlığa görə
hər birinizə minnətdarlığımı bildirirəm. Hər zaman olduğu kimi bu
bayram günlərində də Azərbaycanın suverenliyi, müstəqilliyinin
qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi
ehtiramla yad edir, unudulmaz xatirələrini əziz tuturuq.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizə möhkəm
cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan
dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!”


