Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub

Baş səhifə

Bakı. Trend:

Dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç baş
tutdu. Uzun illər məcburi köçkün həyatı yaşayan sakinlər bu gün
doğma yurdlarına qayıtdılar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-in Qarabağ bürosuna
verilən məlumata görə, ilkin mərhələdə 117 nəfərdən ibarət 30 ailə
Kərkicahana köçürülüb.

Uzun illərin həsrətindən sonra Xankəndi, Kəkicahan qəsəbəsi öz
sakinlərini qarşıladı. Mərasim Dövlət Himnimizın səslənməsi ilə
başlayıb. Torpaq uğrunda canından keçmiş şəhidlərimizin əziz
xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Xankəndi şəhəri
Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin şagirdlərinin
ifasında Xarıbülbül rəqsi, “Qarabağdan Turana”, “Millətim” “ Zəfər
sədası” mahnıları “Tarix yazan sərkərdə” şeri ifa olunub.

Rəsmi hissədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin
Yusubov çıxış edib. Yeni mənzillərin açarlarını sakinlərə təqdim
edən E. Yusubov, bu əlamətdar günmünasibətilə onları təbrik edib,
doğma torpaqda firavan günlər yaşamalarını arzulayıb.




E. Yusubov bildirib ki, uzun illərdən sonra Kərkicahana həyat
yenidən qayıdır və bu qayıdış təkcə köç deyil — yarımçıq qalan
həyatın davamı, 34 illik köçkünlüyün sonu, yeni mərhələnin
başlanğıcıdır. E. Yusubov onu da qeyd edib ki, sakinlərin öz doğma
yurdunda rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Yaşayış
evləri və zəruri infrastruktur bərpa olunub.

Daha sonra ANAMA mütəxəssisləri də sakinlərlə maarifləndirici
söhbətlər aparıb, şübbəli əşyalar gördükdə uzaq durmalarını
tövsiyyə ediblər.

Xatırladaq ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi
azərbaycanlıların kompakt yaşadığı məntəqələrdən biri olub.
Qəsəbədə ilk məskunlaşma XVIII–XIX əsrlərdə Qarabağ xanlığı
dövründə formalaşıb. Sovet dövründə (1923-cü ildən sonra) Xankəndi
vilayət mərkəzinə çevrildikdən sonra Kərkicahan azərbaycanlıların
kompakt yaşadığı qəsəbə kimi tanınıb. 28 dekabr 1991-ci ildə
Kərkicahan qəsəbəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal
edilib. 19–20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal
antiterror əməliyyatlarından sonra Kərkicahan qəsəbəsi Azərbaycan
Ordusunun nəzarətinə keçib.