
Bakı. Trend:
Azərbaycan və Belarus arasında əməkdaşlıq sənaye
kooperasiyasının dərinləşməsi hesabına aktiv şəkildə
genişlənir.
Trend xəbər verir
ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitriy Pineviç 2025-ci
ilin yekunlarına dair mətbuat konfransında çıxışında deyib.
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıqda maşınqayırma və
sənaye yığımı sahələri xüsusi yer tutur.
“Gəncə Avtomobil Zavodunun bazasında sistemli işlər davam
etdirilir, zavodun fəaliyyətə başladığı dövrdən indiyədək 14 min
belarus traktoru yığılıb. Hazırda yanğın-xilasetmə və digər xüsusi
texnikaların yığımı da həyata keçirilir”,- deyə səfir qeyd
edib.
Pineviç vurğulayıb ki, Azərbaycanda “Vertus” şirkətinin
Belarus-Azərbaycan birgə istehsalı olan 279 lift hazırlanıb və
hazırda müxtəlif mərhələlərdə olan digər layihələr də start
götürür.
Səfir, həmçinin Azərbaycanın əczaçılıq sənayesinin yüksək
inkişaf sürətinə diqqət çəkib
“Prezident İlham Əliyevin iştirakı ilə açılmış müəssisələr də
daxil olmaqla, əczaçılıq zavodlarına baş çəkmək imkanım olub.
Mütəxəssis kimi qeyd edə bilərəm ki, istifadəyə verilmiş
müəssisələrin texniki təchizatı olduqca yüksək səviyyədədir və
nəticə etibarilə yeni Azərbaycan dərman preparatlarının, o cümlədən
belaruslu tərəfdaşlarla əməkdaşlıq çərçivəsində istehsal imkanları
böyükdür”, — Pineviç deyib.

