
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi səlahiyyətləri çərçivəsində ölkədə, o
cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın
təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam
etdirir.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, bu çərçivədə, FHN-in
Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın
Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş
ərazilərdə yaşayan, işləyən, həmçinin həmin ərazilərə səfər edən
vətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətlər
aparılıb.
Şuşa şəhərində, Ağdam, Füzuli, Xocalı və Laçın rayonlarında
aparılmış növbəti maarifləndirmə işləri çərçivəsində işğaldan azad
olunmuş ərazilərdə məskunlaşan, tikinti, yenidənqurma və bərpa
işləri ilə məşğul olan, ictimai iaşə obyektlərində çalışan, o
cümlədən istirahət və işgüzar məqsədlərlə meşə, açıq ərazi və əkin
sahələrinə gedən vətəndaşlara zəruri yanğın təhlükəsizliyi
qaydaları ətraflı izah olunaraq onlara əyani vəsaitlər təqdim
edilib.
FHN bir daha vətəndaşlara müraciət edərək işğaldan azad olunmuş
ərazilərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi
riayət edilməsinin vacibliyini xatırladır.

