Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi Elçin Əmirbəyov Polşa Respublikasına işgüzar səfər
edib.

Trend xəbər verir ki, səfər
çərçivəsində Elçin Əmirbəyov Polşanın Baş nazirinin ofisində Xarici
Məsələlər Departamentinin müdiri Malqojata Latkieviç-Pavlak, Polşa
Prezidentinin müşaviri Radoslav Qruk, Senatın Xarici İşlər
Komissiyasının sədri Qjeqoj Sxetına, Prezident Ofisində
Təhlükəsizlik məsələləri idarəsinin direktor müavini, briqada
generalı Andjey Kovalski və xarici işlər nazirinin müavini Marçin
Bosatski ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycan–Polşa strateji tərəfdaşlıq
səciyyəsini daşıyan münasibətlərinin cari vəziyyəti və inkişaf
perspektivləri müzakirə olunub. Tərəflər yüksək səviyyəli
qarşılıqlı səfərlərin və müntəzəm siyasi dialoqun ikitərəfli
gündəliyin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, onun
yaxın gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd etdilər.
Elçin Əmirbəyov Azərbaycanın Polşanı Avropa İttifaqı və NATO
çərçivəsində etibarlı tərəfdaşlarından biri kimi qiymətləndirdiyini
bildirib.

Ölkələr arasında iqtisadi əlaqələrin mövcud potensialdan geri
qaldığında həmfikir olan tərəflər, iqtisadi münasibətlərin ənənəvi
sahələrdə dərinləşdirilməsi ilə yanaşı, yeni istiqamətlər üzrə
şaxələndirilməsində maraqlı olduğunu bəyan edib. Bu xüsusda,
tərəflər yaşıl keçid və bərpa olunan enerji, logistika, nəqliyyat
bağlantıları və müdafiə sahələrində əməkdaşlığın qurulması üçün
əlverişli imkanların mövcud olduğunu qeyd etdilər.

Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması
istiqamətində atılan son addımlar barədə tərəf müqabillərini
məlumatlandıran Azərbaycan rəsmisi, iki ölkənin de-fakto sülh
şəraitində olmasına baxmayaraq, bu sülhün hüquqi baxımdan
rəsmiləşdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Regional
təhlükəsizlik məsələləri, sülhə yol açan regiondakı yeni reallıqlar
fonunda iki ölkə arasında praktiki əməkdaşlıq üçün yeni imkanlar
diqqət mərkəzində olub.

Görüşlər zamanı tərəflər parlamentlərarası əməkdaşlığın
Azərbaycan–Polşa münasibətlərinin mühüm tərkib hissəsi olduğunu
qeyd edib. Elçin Əmirbəyov parlament xətti üzrə qarşılıqlı
təmasların intensivləşdirilməsi ölkələr arasında etimad mühitinin
dərinləşməsinə xidmət etdiyini bildirərək, Polşa Senatının sədrinə
ünvanlanmış rəsmi dəvəti xatırladıb gələn il bu sahədə yüksək
səviyyəli təmasların baş tutacağına ümidvar olduğunu bildirib.

Müzakirələr ərzində “Avropa İttifaqı–Ermənistan tərəfdaşlığı
üzrə strateji gündəlik” adlı sənədin regionda mövcud reallıqları
əks etdirmədiyi və bu sənədin həm Aİ-Azərbaycan münasibətləri, həm
də Azərbaycan-Ermənistan normallaşma prosesinin irəlilədilməsinə
xidmət etmədiyi vurğulanıb.

Görüşlərdə Ermənistanın işğal siyasətinin nəticələri, o cümlədən
Azərbaycanın mədəni irsinə vurulan ziyan və genişmiqyaslı mina
problemi barədə Polşa tərəfi məlumatlandırılıb. Mina probleminin
aradan qaldırılmasının Azərbaycan üçün prioritet olduğunu qeyd edən
Elçin Əmirbəyov, sözügedən humanitar problem ilə mübarizədə
beynəlxalq yardımın miqyasının Azərbaycanın öz səylərinə nisbətdə
ciddi şəkildə məhdud olduğunu bildirərək Polşa tərəfini bu sahədə
praktiki əməkdaşlığa və həmrəyliyi nümayiş etdirməyə dəvət edib. O,
daha sonra, Polşa şirkətlərini azad edilmiş ərazilərdə
post-münaqişə dövrünün bərpa və yenidənqurma layihələrində iştirak
etməyə çağırıb.

Səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın aparıcı beyin
mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi
masada Cənubi Qafqazda geosiyasi proseslər, “Orta Dəhliz” və
Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə çıxış edib.
Həmçinin, Elçin Əmirbəyov Polşanın əsas ictimai televiziya kanalı
olan “TVP World” və “Polşa Xəbərlər Agentliyi” kimi nüfuzlu media
orqanlarına müsahibələr verib.