Şarja–Bakı reysi ilə gətirilən 90 qram qızıl külçə aşkarlanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata
keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində qızıl
külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz
yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Trend xəbər
verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.




Bildirilir ki, Şarja-Bakı aviareyisi ilə gələn Azərbaycan
Respublikası vətəndaşının çantalarına gömrük baxışı həyata
keçirilib və gömrük orqanına bəyan edilməyən 2 ədəd mobil telefon,
3 ədəd fotoaparat, 10800 ədəd xarici markalı siqaret, 16 ədəd
elektron siqaret, 10 ədəd qida əlavəsi, “Dyson” markalı saç feni və
digər mallar aşkarlanıb.

Gömrük nəzarəti tədbirləri zamanı sərnişinin özünü şübhəli
apardığı müşahidə olunduğundan “Body-Scan” cihazı vasitəsilə
yoxlama həyata keçirilib. Nəticədə həmin şəxsin ayaqqablarından,
gödəkçəsinin ciblərindən və ona məxsus mobil telefonun korpusundan
xüsusi üsulla gizlədilmiş, ümumilikdə 90 qram qızıl külçə aşkar
edilib.