
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıqlarına əsasən “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC)
ölkənin bütün regionlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda
yenidənqurma, əsaslı təmir-bərpa işlərini davam etdirir. Görülən
işlər çərçivəsində Kəlbəcərin də elektrik şəbəkəsi yenidən qurulur.
Rayonun ən ucqar dağ kəndlərinə 35 kV-luq izolyasiyalı hava xətləri
çəkilir, yeni güc mərkəzləri yaradılır.
Trend bu barədə
“Azərişıq” ASC-yə istinadən xəbər verir.
Alagöllər, Zəylik və Zod kəndlərində yerləşən strateji
obyektlərə və “İstisu” mineral su zavoduna 35 kV-luq ikidövrəli
özünüdaşıyan izolyasiyalı naqillər çəkilib, transformator
məntəqələri quraşdırılıb. Yanşaq və Zallar kəndlərinə də 35 kV-luq
xətlərin çəkilişi başa çatıb.
Şəhər ərazisində 110/35 kV-luq yarımstansiyanın tikintisi davam
edir. 35/0.4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzində
isə işlər yekunlaşıb. Kəlbəcərə köç edən ailələrin dayanıqlı
elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq elektrik
şəbəkəsi yenidən qurulub.
Qeyd edək ki, “Azərişıq” ASC tərəfindən ölkənin digər
regionlarındakı bir sıra kənd və qəsəbələrdə istismar müddətini
başa vurmuş elektrik təsərrüfatı yenidən qurulur. Məqsəd
vətəndaşların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin
olunması, elektrik enerjisi itkilərinin minimuma
endirilməsidir.

