
Bakı. Trend:
Dekabrın 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini
Şahin Mustafayev İran İslam Respublikasının xarici işlər naziri
Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Nazirlər Kabinetindən Trend-ə
verilən məlumata görə, görüşdə Azərbaycan-İran dövlətlərarası
münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafı təqdir edilib,
xüsusilə ikitərəfli siyasi dialoqun dinamikasından məmnunluq ifadə
olunub.
Bu kontekstdə cari ilin aprelində İran Prezidentinin Azərbaycana
rəsmi səfərinin iki ölkə arasında tarixən dostluq və mehriban
qonşuluq kimi möhkəm təməllər üzərində qurulan ikitərəfli
münasibətlərin inkişafında yeni səhifə açdığı vurğulanıb.
Görüş zamanı Azərbaycan-İran qarşılıqlı faydalı əməkdaşlığının
gündəliyində duran aktual məsələlər, həmçinin ticarət-iqtisadi,
nəqliyyat, enerji, su təsərrüfatı, humanitar və digər sahələrdə
əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan və İran ərazisindən keçən beynəlxalq
nəqliyyat-tranzit dəhlizlərinin inkişafı, o cümlədən regionun
tranzit potensialının genişləndirilməsi istiqamətində həyata
keçirilən birgə layihələrin icrası ilə bağlı məsələlərə xüsusi
diqqət yetirilib.

