“İvanovka” ticarət obyektində kərə yağının saxtalaşdırıldığı aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi ev 49, m. 6
ünvanında yerləşən, fiziki şəxs İsmayılov Vahid Cəmil oğluna məxsus “İvanovka” ticarət obyektində yoxlama keçirilib. Satışa çıxarılan
kərə yağlarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları
tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Sınaq nəticəsində kərə yağlarının tərkibinin bitki yağı və ya bitki
yağları qarışığından ibarət olduğu müəyyən edilib.

Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı süd məhsullarının (seperator üsulu
ilə alınmış yağ, əridilmiş yağ, kəsmik, xama və s.) müvafiq
baytarlıq sənədlərinin və etiket məlumatlarının olmadığı, yağların
kərə yağı adı altında satışa çıxarıldığı aşkarlanıb. Sahibkar süd
məhsullarını mütəmadi olaraq İsmayıllı rayonunun İvanovka kəndində
fəaliyyət göstərən müxtəlif fiziki şəxslərdən və İsmayıllı
bazarından aldığını bildirib.

Məhsullar satışdan kənarlaşdırılıb, toxunulmazlıq aktı tərtib
edilib və möhürlənərək saxlanca qoyulub. Təkrar laborator sınaq
nəticəsində kərə yağı və kəsmik məhsulunun tərkibinin bitki yağı və
ya bitki yağları qarışığından ibarət olduğu, həmçinin kəsmik
məhsulunda mikrobioloji uyğunsuzluq (E.coli) müəyyən edilib.




Faktla bağlı ticarət obyektinin rəhbərliyi barəsində inzibati
protokol tərtib edilib, süd məhsullarının satışı qadağan
olunub.

Eyni zamanda Agentliyin əməkdaşları tərəfindən Bakı şəhərində
fəaliyyət göstərən digər “İvanovka” ticarət obyektlərində və
İsmayıllı rayonunun İvanovka kəndində bu məhsulların istehsalı və
satışını həyata keçirən qida subyektlərində nəzarət tədbirləri
görülür. Kərə yağlarından və kəsmik məhsullarından götürülmüş
nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına
təqdim edilib.

Araşdırmalar davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə
məlumat veriləcək.