
Bakı. Trend:
Həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən ata və oğulun
cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Trend xəbər
verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Elşad Abbasov 18 il 6 ay, oğlu
Elçin Abbasov isə 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına
məhkum edilib.
Qeyd edək ki, hadisə bu il fevralın 5-də Saatlı rayonunun
Şirinbəyli kəndində baş verib. Cinayət işi üzrə təqsirləndirlən
Elşad Abbasov və oğlu Elçin Abbasov qonşusu Mirhəsən Seyidovu
avtomobildə məftillə boğaraq qəsdən öldürüb. Daha sonra hadisənin
gizlətmək məqsədilə meyitin ayağına daş bağlayaraq həmin ərazidəki
su kollektoruna atıblar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və
120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə
təqsirli biliniblər.

