
Bakı. Trend:
“Fitch Ratings” reytinq agentliyi 2026-cı ilə qədər MDB+ regionu
ölkələrinin (Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna
və Özbəkistan) bank sektoruna dair neytral proqnozu qoruyub
saxlayıb.
Trend xəbər verir
ki, bu barədə “Fitch Ratings” reytinq agentliyi məlumat yayıb.
“Əsas kreditqabiliyyət amillərin və sektor üzrə orta
göstəricilərin bütövlükdə sabit qalacağını gözləyirik. Buna
əməliyyat şəraitinin dayanıqlılığı və kreditləşmənin yüksək artım
tempi dəstək verəcək. Ukraynada son dərəcə çətin əməliyyat mühiti
mövcud olsa da, sektor üzrə proqnoz yenə də neytral olaraq qalır və
əhəmiyyətli pisləşmə gözləmirik”, – hesabatda bildirilir.
“Fitch”in analitikləri hesab edirlər ki, MDB+ regionunda
iqtisadi artım, əsasən, güclü daxili tələbat və neft ixrac edən
ölkələr üçün əlverişli xammal bazarı şəraiti sayəsində dayanıqlı
səviyyədə qalacaq.
“Pərakəndə kreditləşmə kredit portfelinin iki rəqəmli artım
tempini təmin edir, eyni zamanda tənzimləyici tədbirlər həddindən
artıq genişlənməni məhdudlaşdırır və xüsusilə Qazaxıstan və
Özbəkistanda həddən artıq aktivləşmə risklərini azaldır.
Kreditləşmənin sirayət dərəcəsi aşağı olaraq qalır və ya, Gürcüstan
və Ermənistanda olduğu kimi, orta səviyyədədir ki, bu da sektorun
daha da böyüməsi üçün imkan yaradır.
Aktivlərin keyfiyyəti göstəricilərinin köhnəlmiş risklərin
azalması və əksər bazarlarda kreditlərin dollarlaşmasının tədricən
aşağı düşməsi fonunda yalnız cüzi dalğalanmalar nümayiş etdirəcəyi
ehtimal olunur, baxmayaraq ki, Özbəkistanda aktivlərin keyfiyyətinə
təzyiq qalmaqdadır. Səhmlərin gəlirliliyi sağlam xalis faiz
marjaları və orta və ya aşağı ehtiyat ayırmaları sayəsində yüksək
olaraq qalır. Kapital və likvidlik buferləri əhəmiyyətli
səviyyədədir və bu, banklara sektorun sabitliyinə xələl gətirmədən
divident ödənişlərini qorumağa və ya artırmağa imkan verir. Ukrayna
bank sektorunun göstəriciləri isə effektiv tənzimləmə, dayanıqlı
likvidlik və kifayət qədər kapital ehtiyatları ilə dəstəklənir”, –
deyə hesabatda vurğulanır.


