Qızılın bahalaşması muzeylərdən edilən oğurluqların artmasına səbəb olub

Baş səhifə

Bakı. Trend:

Avropanın böyük muzeylərində ilin əvvəlindən ondan çox böyük
oğurluq hadisəsi qeydə alınıb. Əgər əvvəllər hədəf Van Qoqun,
Rembrandtın və ya Piassonun əsərləri idisə, indi vəziyyət başqadır.
Artıq oğrular qızıla yönəlirlər.

Trend Avropa
mediasına istinadla xəbər verir ki, qızılın bahalaşması muzeylərdən
edilən oğurluqlara da ciddi təsir göstərir. Artıq demək olar heç
bir mütəşəkkil dəstə muzeyə Van Qoqun əsərini, Viktor Hüqonun
əlyazmasını, yaxud 19-cu əsrə aid təyyarə detalını oğurlamaq üçün
girmir.

Birjalarda qızılın kəskin bahalaşması fonunda ən münasib variant
külçə və sikkələrin oğurlanmasıdır. Bahalı tablonu satmaq uzun
müddət tələb edir və yaxalanmaq riski böyükdür. Qızılda isə
vəziyyət fərqlidir. Bunu Luvr Muzeyinə, yaxud Lozan Muzeyinə edilən
basqınlarda aydın görmək mümkündür. Fransalı mədəniyyətşünas Pyer
Nualın fikrincə, “cinayətkarlar çox yaxşı başa düşürlər ki, heç bir
muzey alınmaz qala deyil. Reallıqda bir muzeyi qarət etmək
zərgərlik emalatxanasını talamaqdan daha asandır”.




Ekspertin qənaətinə görə, qızıla görə muzeylərə hücum çəkənlər
bir prinsiplə hərəkət edirlər: əldə edilmiş qəniməti əridərək
satmaq. Bundan sonra isə heç bir müstəntiq metalın mənşəyini
müəyyən edə bilmir.

Qızıl oğurluğu ilə bağlı ilk böyük qalmaqal 2017-ci ildə
Berlində kraliça II Elizabetin təsviri olan 100 kiloqramlıq
sikkənin oğurlanması (Big Maple Leaf) olub. Xalis qızıldan tökülmüş
eksponat əridilərək satılıb, cinayətkarlar isə tapılmayıb. Eyni
ildə Drezden qəsrindən 120 milyon dollarlıq zinət əşyaları
oğurlanıb. Bu il sentyabrında Parisdəki İnsan Muzeyindən təkbaşına
5 kiloqram qızıl çıxaran şəxsi də tapmaq mümkün olmayıb.

Avropada muzeylərin təhlükəsizlik sistemi ilə bağlı ekspertlər
çoxdan həyəcan təbili çalırlar. Tanınmış muzeylərin mühafizəsi
xüsusi narahatlıq doğurur. Son hadisədən sonra məlum olub ki, Luvr
Muzeyinin təhlükəsizlik sistemini yeniləmək və kamera sayını
artırmaq üçün 75 milyon avro tələb olunur. Muzey rəhbərliyi isə
gəlirləri başlıca olaraq ekspozisiyanın zənginləşməsinə
yönəldir.