Böyük Britaniyada sığınacaq axtaranların tibbi səfərləri üçün taksi istifadəsinə yeni qadağa tətbiq edilib

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud tibbi
məqsədlə taksidən istifadə edən sığınacaq axtaranlarla bağlı yeni
qadağalar elan edib.

Trend xəbər verir
ki, yeni qaydalara əsasən, taksi yalnız fiziki əlillik, hamiləlik
və ya ciddi xəstəlik kimi sübuta əsaslanan istisna hallarda
istifadə oluna biləcək. Nazirliyin qərarına görə, tibbi səfərlər
üçün taksi sifarişi yalnız Daxili İşlər Nazirliyinin birbaşa
təsdiqi ilə həyata keçiriləcək.




Qaydaların fevral ayından qüvvəyə minəcəyi və bütün xidmət
təminatçılarının bu tarixdən etibarən taksi istifadəsini
dayandırmalı olduqları bildirilib.

Şabana Mahmud qeyd edib ki, hökumət sığınacaq axtaranların tibbi
görüşlərə ictimai nəqliyyat vasitəsilə çatdırılması istiqamətində
xidmət təminatçıları ilə əməkdaşlıq edir: “Bu hökumətə əvvəlki
mühafizəkar administrasiyadan vergi ödəyicilərinin milyardlarla
vəsaitinin israf olunduğu müqavilələr miras qalıb. Mən xəstəxana
görüşləri üçün taksidən məhdudiyyətsiz istifadəyə son qoyuram və
bunu yalnız ən istisna hallarda təsdiq edəcəyəm”.