
Bakı. Trend:
Yaxın gələcəkdə Türkiyənin Van şəhərində İranın Baş Konsullluğu
açılacaq.
Trend-in
məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi
bu gün (30 noyabr) Tehranda Türkiyə xarici işlər naziri Hakan
Fidanla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu isə iki ölkə münasibətləri üçün yeni
potensialı töhfə verəcək.
Araqçi bildirib ki, Van şəhərində yeni konsulluğun açılması
İranın Türkiyədəki baş konsulluqlarının sayını artıracaq. Bu baş
konsulluq öz baş konsulluq vəzifələrindən əlavə, iki ölkənin sərhəd
vilayətlərinin əməkdaşlığının inkişafında önəmli rola sahib
olacaq.
İranlı nazir deyib ki, İran və Türkiyə təkcə qonşu deyil, tarixi
və zəngin mədəni bağları olan iki dost və qardaş ölkədir. İran və
Türkiyə sərhədləri illərdir ki, sülh və dostluq sərhədləridir. Bu
baxımdan hazırkı il “İran və Türkiyə mədəniyyət” ili adlandırılıb
və bununla əlaqədar bir çox tədbirlər təşkil olunub.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün
İran rəsmiləri ilə görüşərək danışıqlar aparmaq məqsədilə Tehrana
səfər edib.

