Vergi orqanlarına müraciətlər 16%-dən çox azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin oktyabr ayı ərzində vergi orqanlarına ümumilikdə 44.757
müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 16,3 faiz azdır. Müraciətlərin 95,2 faizi ərizə, 4,7
faizi şikayət, 0,1 faizi təkliflərdən ibarət olub.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə (DVX) istinadən xəbər verir.

Məlumata əsasən, daxil olmuş müraciətlərdən 66,9 faizinin
baxılması hesabat dövründə başa çatdırılıb, 33,1 faizi isə hazırda
icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 69,5 faizi
həll olunub, 29,2 faizi barədə müvafiq izahat verilib, digərləri
ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.




Daxil olmuş faktiki şikayətlərdən 137-si həll edilib. Bunlar,
əsasən, kameral vergi yoxlamaları, maliyyə sanksiyalarının
silinməsi, vergi bəyannamələri, vergi ödəyicilərinin qeydiyyatı,
operativ vergi nəzarəti tədbirləri, vergi orqanı əməkdaşlarının
hərəkəti (və ya hərəkətsizliyi), şəxsi hesab vərəqələri və digər
məsələlərlə bağlı olub.

2025-ci ilin oktyabr ayı ərzində Dövlət Vergi Xidmətinin
Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 48
vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə
fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli
üçün zəruri tədbirlər görülüb.