
Daşınmaz əmlak bazarında qiymətlər hazırda kifayət qədər yüksəkdir və aztəminatlı ailələr, xüsusilə də gənc ailələr üçün əlçatan deyil, hətta ipoteka şərtləri ilə də əksər hallarda mümkünsüz olur. Bəs qarşıdakı illərdə tələbatın azalması fonunda daşınmaz əmlak bazarında ucuzlaşma gözlənilirmi?
Azərbaycan Qiymətləndiricilər Palatasının sədri, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Metbuat.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlak bazarında qiymətlərin artımı davam edir.
Onun sözlərinə görə, yaxın gələcəkdə ucuzlaşma gözlənilmir:
“Çünki nə makroiqtisadi baxımdan təhlillər, nə hökumət tərəfindən qəbul olunan qərarlar indiki halda daşınmaz əmlak bazarı üçün qiymət azalması vəd etmir”.
R.Osmanlı həmçinin Azərbaycan Qiymətləndiricilər Palatasının bu məsələdəki mövqeyinə də toxunub:
“Palata qiymətlərin tənzimlənməsi və ya azaldılması ilə bağlı hər hansı təşəbbüs göstərə bilməz. Bu, sahibkarlıq fəaliyyətinə müdaxilə kimi qiymətləndirilə bilər. Bununla belə, Palata bazarda daha düzgün və obyektiv təhlillərin aparılması istiqamətində müzakirələr aparır”.
Sevinc İbrahimzadə / Metbuat.az


