
Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının
(İƏT) kommersiya və xarici ticarət nazirlərinin 5-ci iclası
keçirilib.
Trend
İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iclasda çıxış
edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev İƏT-in üzv
ölkələr arasında ticarət, investisiya, sənaye və digər
istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm
platforma olduğunu vurğulayıb.
Azərbaycanda formalaşmış əlverişli investisiya mühiti, rəqəmsal
ticarətin təşviqi, nəqliyyat-logistika infrastrukturunun
modernləşdirilməsi və yeni ticarət marşrutlarının formalaşdırılması
istiqamətində görülən işlər barədə iclas iştirakçılarına məlumat
verilib. İƏT məkanında ticarət dövriyyəsinin artırılması,
qarşılıqlı investisiyaların stimullaşdırılması və biznes dairələri
arasında tərəfdaşlığın gücləndirilməsinin iqtisadi əməkdaşlığın
möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
İclasda İƏT regionunda iqtisadi inteqrasiyanın
möhkəmləndirilməsi və regional ticarət dövriyyəsinin artırılması
istiqamətində müzakirələr aparılıb. Üzv ölkələr arasında ticarət və
gömrük əməkdaşlığının genişləndirilməsi, gömrük prosedurlarının
sadələşdirilməsi və rəqəmsallaşdırılması, həmçinin məlumat
mübadiləsinin təşviq olunmasının əhəmiyyəti qeyd olunub.
Regiondaxili ticarət həcminin artırılması və ticarət maneələrinin
azaldılması məqsədilə yeni əməkdaşlıq mexanizmlərinin
formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
İclasda İstanbul Bəyannaməsi, İƏT-in Ticarətin Asanlaşdırılması
Strategiyası qəbul edilib, İƏT çərçivəsində fəaliyyət istiqamətləri
müzakirə olunub.
İqtisadiyyat naziririnin müavini Rövnəq Abdullayev səfər
çərçivəsində həmçinin, İstanbul şəhərində Türkiyənin Ticarət
Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı (OIC) və İslam Ölkələri
Standartlar və Metrologiya İnstitutunun (SMIIC) dəstəyi ilə həyata
keçirilən 11-ci Dünya Halal Sammiti və 10-cu “Halal Expo 2025”
Beynəlxalq Ticarət Sərgisində iştirak edib, Azərbaycanın sərgidəki
stendinə baxış keçirilib.


