
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Türkiyə arasında
ticarət əməliyyatlarının həcmi 4,770 milyard ABŞ dolları təşkil
edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 378,5 milyon ABŞ dolları və ya 7,3% azdır.
Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 11,67%-i həcmində olub. Bununla da
sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət
əməliyyatları apardığı ölkələr sırasında İtaliyadan sonra ikinci
pillədə qərarlaşıb.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə 2,8
milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni
dövrü ilə müqayisədə 408,7 milyon ABŞ dolları və ya 12,7%
azdır.
Dövr ərzində Türkiyəyə ixrac edilmiş məhsulların 65,042 milyon
ABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft və xam neft
məhsulları təşkil edib. Bu dəyərdə neft ixracının həcmi isə 133,1
min tona bərabər olub. Beləliklə, ötən ilin eyni dövrü ilə
müqayisədə bu ilin ilk 10 ayında Azərbaycandan Türkiyəyə neft
ixracı dəyər ifadəsində 128,9 milyon dollar və ya 3 dəfə, həcm
baxımından isə 221,3 min ton və yaxud 2,7 dəfə azalıb.
Bununla da Türkiyə hesabat dövründə Azərbaycanın ən çox neft
ixrac etdiyi ölkələr siyahısında 18-ci pillədə qərarlaşıb.
Eyni zamanda cari ilin ilk 10 ayında Azərbaycandan Türkiyəyə
ixrac edilmiş məhsulların 486,3 milyon ABŞ dollarını qyeir-neft
məhsulları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə
8,7 milyon ABŞ dolları və ya 1,8% çoxdur.
Türkiyəyə ixrac edilmiş qeyri-neft məhsullarının ümumi ixracda
payı 16,28% paya malik olub. Bununla da Türkiyə dövr ərzində
Azərbaycanən ən çox ikinci qeyri-neft məhsulları alıcısı mövqeyində
qərarlaşıb.
Hesabat dövründə Türkiyədən Azərbaycana isə 1,949 milyard ABŞ
dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 30,2 milyon ABŞ dolları və ya 1,6%
artım deməkdir. Bununla da hesabat dövründə Türkiyə Azərbaycanın ən
çox məhsul idxal etdiyi ölkələr sırasında 3-cü pillədə
qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan
xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard
ABŞ dolları və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın,
19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6
milyard ABŞ dolları və yaxud 15,6% artıb.
Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya
2,5 dəfə azdır.

