Azərbaycanın Mərkəzi Asiya formatına daxil edilməsi regional əməkdaşlığın yeni arxitekturasını yaradır – “Atlantic Council”

Baş səhifə

Bakı. Trend:

C5+1 formatının genişləndirilməsi və Azərbaycanın yeni regional
əməkdaşlıq arxitekturasına daxil edilməsi həm Mərkəzi Asiya, həm də
Cənubi Qafqaz üçün mühüm strateji hadisə olacaq.

Trend xəbər verir
ki, bunu bu gün ABŞ-nin Özbəkistan və Ukraynadakı keçmiş səfiri,
“Atlantic Council” Avrasiya siyasi mərkəzinin direktoru Con Herbst
Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda
çıxışında deyib.

Herbst xatırladıb ki, iki həftə əvvəl Vaşinqtonda ABŞ–Mərkəzi
Asiya (C5+1) formatında tarixdə ilk Prezident sammiti keçirilib və
bundan bir həftə sonra Daşkənddə beş Mərkəzi Asiya ölkəsi
Azərbaycanın dövlət başçılarının məşvərət görüşləri formatına
tamhüquqlu iştirakçı qismində qoşulması barədə razılığa gəlib.

“Bu, regional əlaqələri möhkəmləndirən və əməkdaşlıqda yeni bir
mərhələ açan mühüm addımdır”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, ABŞ administrasiyasının bu gün Mərkəzi
Asiyaya marağı Cənubi Qafqaza artan diqqətlə üst-üstə düşür ki, bu
da gələcəkdə C6+1 formatının yaranmasını məntiqli və vaxtında
atılmış addım edir.

O həmçinin bildirib ki, “Atlantic Council” ekspert görüşləri
formatını institusionallaşdırmağı planlaşdırır və bu görüşlər hər
il keçirilən C5/C6+1 siyasi sessiyaları ilə paralel təşkil
olunacaq.

“Biz artıq bu işə başlamışıq: ilk analitik konfrans C5+1
sammitindən bir gün sonra Vaşinqtonda keçirildi. Və planlaşdırırıq
ki, C6+1 ölkələri ali səviyyədə toplandığı hər dəfə bu cür
tədbirlər təşkil edək”, – deyə o vurğulayıb.

Herbst əlavə edib ki, Azərbaycanın gələcək formatda iştirakı
ABŞ, Bakı və Mərkəzi Asiya ölkələri arasında siyasi və ekspert
əməkdaşlığının dərinləşdirilməsi üçün yeni imkanlar yaradır.