Kiyevdəki Azərbaycan səfirliyi İskəndər raketindən zərər görüb: Azərbaycan Rusiyaya nota verib, Zelenski Əliyevə zəng edib

Baş səhifə
Kiyevdə gecə hücumunun nəticələri, İskəndər raketi Zelenski İLham ƏLiyev

Şəklin mənbəyi, Reuters

Cümə gününə keçən gecə Rusiya qoşunları Ukraynaya, o cümlədən Kiyevə növbəti kütləvi zərbə endirib. Son məlumata görə, paytaxtda altı nəfər həlak olub, 30-dan çox insan yaralanıb. Zərər çəkmiş binalar arasında Azərbaycan səfirliyi də var. Bakı etiraz bildirmək üçün Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

“Zərbə xüsusi olaraq insanlara və mülki infrastruktura mümkün qədər çox zərər vurmaq məqsədilə planlaşdırılıb”, — Ukrayna prezidenti Vladimir Zelenski Teleqramda yazıb.

Onun sözlərinə görə, Kiyevdə onlarla çoxmərtəbəli bina, o cümlədən Azərbaycan səfirliyinin binası zədələnib. Ukrayna Milli Polisi təxminən 30 yaşayış binasının zərər gördüyünü bildirir.

Daha sonra Zelenski məlumat verib ki, Azərbaycan prezidenti İlham Əliyev onunla telefon danışığında bu zərbəni pisləyib və bildirib ki, Rusiya ilk dəfə deyil ki, səfirlik binasını və ya Azərbaycanla bağlı digər obyektləri hədəfə alır.

Azərbaycan XİN “İskəndər” raketinin qalıqlarının Kiyevdə diplomatik nümayəndəliyin binasına düşməsi ilə bağlı etirazını bildirmək üçün Rusiyanın səfiri Mixail Evdokimovu çağıraraq nota verib.

Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkonun məlumatına görə, paytaxtda ümumilikdə altı nəfər həlak olub. 35 nəfər yaralanıb, onların arasında 7 və 10 yaşlarında iki uşaq da var; yaralananların 15-i, o cümlədən hamilə qadın xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam edir.

Kiyev polisinin bildirdiyinə görə, bütün həlak olanlar Kiyevin Desnyan rayonunda olub. Zərbə doqquzmərtəbəli yaşayış binasına dəyib.

Şəhərin iki rayonunda gecə zərbələrindən sonra istilik təchizatında fasilələr yaranıb, bunu Kiyev meri Vitali Kliçko bildirib.

Kiyevə hücum

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Gecə hücumunun nəticələri
İskəndər raketi

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Kiyev atəş içində

Kiyevdən başqa, Ukraynanın digər regionları da gecə hücumuna məruz qalıb.

Kiyev vilayətində beş rayon zərbə altında qalıb, ilayət hərbi administrasiyasının rəhbəri Nikolay Kalaşnik bildirib. Müxtəlif dərəcəli xəsarətlər alan altı nəfər arasında yeddi yaşlı uşaq da var.

Ümumilikdə, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya qoşunları gecə hücumunda 430 dron və 19 raket istifadə edib.

Sumı vilayətində ilkin məlumata görə “Zirkon” raketi tətbiq edilib. Zərbə Sumı şəhərinin kənarındakı sənaye zonasına düşüb, nəticədə orada yanğın baş verib. Sumı OVX rəhbəri iki yaralının olduğunu bildirib.

Odessa vilayətində mülki infrastruktur və energetika obyektləri hücuma məruz qalıb. Zərbədən sonra baş vermiş yanğın yaşayış binasına və qarajın damına da ziyan vurub. Bir nəfər xəsarət alıb, bunu yerli administrasiya açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, kütləvi zərbə “Ukraynanın Rusiyanın ərazisindəki mülki obyektlərə terror hücumlarına cavabdır”. Qeyd edilir ki, hücumun məqsədi “Ukraynanın hərbi-sənaye kompleksi və energetika obyektləri” olub.