Bakı. Trend:
“BBC” Ağ Ev rəhbərinin 2021-ci il 6 yanvar tarixli çıxışının
hissələrini qərəzli şəkildə montaj edərək hazırladığı “Panorama”
reportajı ilə bağlı ABŞ Prezidenti Donald Trampdan üzr istəyib.
Britaniyanın iri media korporasiyası bununla belə Trampın mənəvi
ziyana görə tələb etdiyi təzminatı ödəməkdən imtina edib.
Trend xəbər verir
ki, üzrxahlıqla bağlı məqalə şirkətin internet səhifəsinin
manşetində dərc olunub.
Korporasiya bildirib ki, montaj “Prezident Trampın birbaşa
zorakı hərəkətə çağırış etdiyi kimi yanlış təsəvvür yaradıb” və
2024-cü ilə aid həmin proqramın yenidən göstərilməyəcəyinə söz
verib.
Trampın vəkilləri korporasiya təkzib yaymadığı, üzr istəmədiyi
və ona kompensasiya ödəmədiyi təqdirdə “BBC”ni 1 milyard dollar
məbləğində təzminat tələbi ilə məhkəməyə verməklə hədələyiblər.
Hadisə ətrafındakı böyüyən qalmaqal bazar günü “BBC”nin baş
direktoru Tim Devisin və xəbər xidmətinin rəhbəri Debora Törnessin
istefası ilə nəticələnib.

