Taksi sürücüləri üçün növbəti imtahan keçirildi – 1345 nəfər uğur qazandı

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 13 noyabr 2025-ci il tarixində
xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı
və Gəncə şəhərlərində növbəti test imtahanı keçirilib.

Trend xəbər
verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan gün ərzində iki növbədə elektron formada
1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş
etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı
yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda
nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin
DİM-in saytında yerləşdiriləcək.




Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1679 namizəd
qeydiyyatdan keçmişdir. Onlardan 1596 namizəd imtahana gəlib.
İmtahan nəticələrinə əsasən, 1345 namizəd tələb olunan şərtləri
ödəyərək uğur qazanıb.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və
avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ
hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın
proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha
çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar
və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim
ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə
məlumat veriləcək.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 14 və 17
noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan
Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.