
Laçın. Trend:
Laçın rayonunun Qorçu qəsəbəsində ilkin olaraq söküntü işlərinə
start verilib.
Trend
xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə
Xidmətinin icraçı direktoru Rafiq Salmanov deyib.
O bildirib ki, ümumilikdə 319 yararsız tikilinin söküntüsü
həyata keçirilir: “Söküntü işlərinin iki ay ərzində tamamlanması
planlaşdırılır. “EL SEYM” şirkəti tərəfindən aparılan söküntünün
ərazisi 300 hektardır.
Söküntü prosesi başa çatdıqdan sonra 2026-cı ildə Qorçu
qəsəbəsində birinci mərhələyə aid tikinti işlərinin başlanması
nəzərdə tutulub. Bu mərhələdə 250 fərdi yaşayış evinin inşası üçün
layihə-smeta sənədləri artıq hazırlanıb. Bundan əlavə, Qorçu
qəsəbəsində 264 yerlik məktəb, 140 yerlik bağça, tibb məntəqəsi,
klub-icma mərkəzi, idman-sağlamlıq mərkəzi və inzibati binanın
tikinti işləri başlayacaq, yollar salınacaq.
“Böyük Qayıdış”a dair II Dövlət Proqramı çərçivəsində Qorçu
qəsəbəsinin inşasının növbəti mərhələsi üzrə tikinti işlərinin
2027–2030-cu illərdə həyata keçirilməsi planlaşdırılır. Bu
mərhələdə isə 250-300 fərdi yaşayış evinin və üç-dörd mərtəbəli
çoxmənzilli yaşayış binasının tikintisi planlaşdırılır. Ümumilikdə
gələcəkdə Qorçu qəsəbəsində min ailənin daimi məskunlaşdırılması
nəzərdə tutulub.
Məlum olduğu kimi, Qorçu qəsəbəsi istifadəyə verilmiş Laçın
Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir. Bu da gələcəkdə
qəsəbədə məskunlaşan əhalinin iş təminatı üçün mühüm rol
oynayacaq”.

