ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan
edilən 8-11 noyabr tarixlərində gücləndirilmiş iş rejimində
fəaliyyət göstərəcək.

ADY-dən Trend-ə verilən
məlumata görə, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi,
yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması
məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilir, reyslər
üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilir.

Artan sərnişin tələbatı nəzərə alınaraq 7-11 noyabr tarixlərində
Bakı–Ağstafa–Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar
reysləri təyin edilib. Bu marşrut üzrə qatar həmin tarixlərdə saat
08:30-da Bakıdan Ağstafaya, 17:20-də Ağstafadan Bakıya yola
düşəcək.

Bundan əlavə, Zəfər və Bayraq günləri ilə əlaqədar 10 və 11
noyabr tarixlərinin istirahət günü elan olunması nəzərə alınaraq,
Bakı–Qazax–Bakı marşrutu ilə hər iki istiqamətdə əlavə reyslər
təyin edilib. Qatar Bakıdan saat 07:45-də, Qazaxdan isə 16:40-da
yola düşəcək.

Bakı–Qazax–Bakı xətti üzrə hərəkət edən müasir qatarlar
qarşıdakı qeyri-iş günlərində də hər gün hər iki istiqamətdə
ənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.




Bu ilin avqustunda 32 ildən sonra bərpa edilən Bakı–Ağdam–Bakı
marşrutu üzrə 9 noyabr tarixində əlavə qatar reysləri təyin edilib.
Bu marşrut üzrə 8 və 9 noyabr tarixlərində hər iki istiqamətdə
səfər etmək mümkündür. Qatar Bakıdan saat 07:10, Ağdamdan isə
18:20-də hərəkətə başlayacaq.

Sərnişin tələbatını təmin etmək məqsədilə Bakıdan və Qəbələdən
8, 9, 10 və 11 noyabr tarixlərində hər iki istiqamətdə reyslər
təşkil ediləcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən
Bakıya isə 19:00-da yola düşəcək. 8 noyabrdan başlayaraq
həftəsonları bu maşrutla ənənəvi qrafik üzrə səfərlər ikimərtəbəli
müasir qatarlarla həyata keçiriləcək.

Bayram günlərində Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun
olaraq vaqon sayı artırılacaq. Belə ki, 7 noyabrda Bakıdan Balakənə
hərəkət edən qatara 7 əlavə vaqon, 9 noyabrda Balakəndən hərəkət
edən qatara 1 əlavə vaqon, 10 noyabrda isə Balakəndən hərəkətə
başlayacaq qatara 4 əlavə vaqon qoşulacaq. Ümumilikdə bu marşrut
üzrə qatar hər gün saat 23:50-də Bakıdan Balakənə, saat 22:00-da
Balakəndən Bakıya hərəkət edir. Marşrut üzrə Şəki, Qax, Zaqatala və
Balakən stansiyalarında, həmçinin dörd aralıq dayanacaqda
sərnişinlərin düşüb-minməsi təmin edilir.

8-11 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu marşrutu
üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli əsasında
təşkil ediləcək.