
Bakı. Trend:
Niderlandın “ING” bank qrupu Azərbaycanda yaxın illər üçün
ümumdaxili məhsul artımı ilə bağlı proqnozlarını dərc edib.
Bu barədə Trend
ING hesabatına əsasən məlumat verir.
Sənədə əsasən, 2025-ci ildə ölkədə iqtisadi artım 1,6 faiz
təşkil edəcək, 2026-cı ildə bu göstərici 2,8 faizə çatacaq, 2027-ci
ildə isə tempin 2 faizə qədər zəifləyəcəyi gözlənilir.
ING-in təxminlərinə görə, 2025-ci ilin üçüncü rübündə
Azərbaycanın ÜDM artım tempi dəyişməz qalacaq, dördüncü rübdə isə 3
faizə qədər sürətlənəcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin
məlumatına əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə
95,2 milyard manat dəyərində ümumi daxili məhsul istehsal olunub
ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
Neft-qaz sektorunda əlavə dəyər 1,9 faiz azalıb, qeyri-neft-qaz
sektorunda isə 2,9 faiz artım qeydə alınıb.
ÜDM istehsalının strukturunda sənaye 34,2 faiz, ticarət və
nəqliyyat vasitələrinin təmiri 10,5 faiz, nəqliyyat və anbar
təsərrüfatı 7,0 faiz, kənd, meşə təsərrüfatı və balıqçılıq 6,8
faiz, tikinti 6,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə
2,8 faiz, informasiya və rabitə 1,8 faiz, digər fəaliyyət növləri
isə 20,7 faiz təşkil edib.

