Nicat İmanov: “Minik avtomobili istehsalı üçün vergi təşviqləri genişləndirilir”

Baş səhifə
Nicat İmanov: Minik avtomobili istehsalı üçün vergi təşviqləri genişləndirilir

Azərbaycanda minik avtomobillərinin istehsalının stimullaşdırılması üçün vergi təşviqləri genişləndirilir.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ölkədə avtomobil istehsalında müsbət dinamika var: “Bu da ölkəyə əlavə investisiyanın qoyulması üçün vergi təşviqlərinin genişləndirilməsini zəruri edir. Bu baxımdan boya və qaynaq şərti ilə vergi güzəştləri verilməsi ölkədə əlavə dəyərin artırılmasına istiqamətlənib. Elektrikli avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi avtobuslara nəzərən tətbiq ediləcək, minik avtomobillərinə münasibətdə isə vergi güzəştləri aradan qaldırılır. Əvəzində yerli avtomobillərin, o cümlədən elektrikli və hibrid avtomobillərinin istehsalı ƏDV-dən azad edilir”.