
Bakı. Trend:
Hər bir cəmiyyətin intellektini və inkişaf göstəricilərini
şərtləndirən əsas meyarlardan biri onun elmi potensialıdır. Tarixi
təcrübə də göstərir ki, elmdə uğurlara imza atan cəmiyyətlər digər
sahələrdə də inkişafa nail ola bilirlər. Müasir dövr, xüsusən
Dördüncü Sənaye İnqilabının rəqəmsal nəticələri isə elmin
qarşısında növbəti yeni çağırışları formalaşdırır, bu sahədə daha
çevik fəaliyyətin həyata keçirilməsini tələb edir.
Zəngin keçmişi və böyük uğurları olan Azərbaycan elmi də daim
müasir çağırışlarla ayaqlaşmalı, öz işini dövrün tələblərinə uyğun
qurmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan Milli
Elmlər Akademiyasının 80 illik yubileyində söylədiyi nitqində
səsləndirdiyi fikirlər Azərbaycan elminin qarşısında çağdaş qlobal
inkişaf tendensiyalarından irəli gələn vəzifələrin müəyyən olunması
baxımından təkmil yol xəritəsi oldu.
Qeyd etdiyim kimi, Azərbaycan elmi zəngin tarixə və həm də
ənənələrə malikdir. Alimlərimiz, filosoflarımız, mütəfəkkirlərimiz
tarix boyu xalqımızın və bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük
töhfələr veriblər. Elə Azərbaycan Milli Elmlər Akademiyasının
tarixi və fəaliyyəti də ölkəmizdə elmin inkişafına hər zaman
göstərilən diqqət və qayğıdan xəbər verir. Azərbaycanda elmin
inkişafından bəhs edərkən Ulu Öndər Heydər Əliyevin tarixi
xidmətlərini də xüsusi vurğulamalıyıq. Prezident İlham Əliyevin
AMEA-nın 80 illik yubileyində qeyd etdiyi kimi hələ ötən əsrin
70-ci illərində Heydər Əliyevin respublikamıza rəhbərliyi zamanı
Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat
institutu yaradıldı. Həmin dövrdə Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycan gənclərinin oxumaq üçün keçmiş ittifaqın nüfuzlu ali
məktəblərinə göndərilməsi də respublikamızın elmi potensialını
yüksəltmişdi. Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə
qayıdışından sonra Azərbaycan ictimaiyyəti ilə ilk görüşü də
1993-cü ildə Milli Elmlər Akademiyasında keçirilmişdi və bu Ulu
Öndərin ziyalıların cəmiyyətindəki yerinə və roluna verdiyi böyük
dəyərin göstəricisi idi.
Azərbaycanın dinamik inkişafı ilə səciyyələnən müasir dövr həm
də elmi yüksəliş mərhələsi kimi xarakterizə edilir. Bunun da səbəbi
respublikamızda elmin inkişafı üçün güclü siyasi iradənin mövcud
olmasıdır. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi
ənənələri davam etdirən Prezident İlham Əliyev respublikamızın elmi
potensialının qorunmasını və daha da inkişafına nail olunmasını
dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən
edib. Azərbaycanın genişlənən maliyyə imkanlarının nəticəsi olaraq
hər il dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin də həcmi
artırılıb.
Bu dövrdə respublikamızda elmin inkişafı üzrə Milli Strategiya
qəbul edilib, “Elm haqqında” qanun qəbul olunub. Bu sahədə icra
edilən Dövlət Proqramı elmi inkişafa böyük təkan verməklə,
fundamental dəyişikliklərə səbəb olub. Elmi müəssisələrin
maddi-texniki bazasının möhkəmləndirilməsi, innovasiya
fəaliyyətinin normativ-hüquqi bazasının gücləndirilməsi də elmin
inkişafı sahəsində qarşıya qoyulan vəzifələrin uğurlu icrasına yol
açıb. O cümlədən 2009-cu ildə Elm Fondunun yaradılması ölkəmizdə
elmin inkişafına göstərilən qayğının mühüm tərkib hissəsidir.
AMEA-dakı çıxışında elmin inkişafı ilə bağlı görülən işlərdən
danışan Prezident İlham Əliyev elm adamlarının daha çox diqqət
yetirməli olduqları məsələləri də diqqətə çatdırdı. Müasir dövr
sürətli inkişaf yolundadır. Belə bir dövrdə qarşıda duran vəzifələr
də sürətlə dəyişir. Dövlətimizin başçısının bildirdiyi kimi bu gün
əsas vəzifələrdən biri texnologi inkişafdır. Dünya Dördüncü Sənaye
İnqilabı dövründə yaşayır. Bu dövrün əsas reallıqlarından biri
texnologi inkişafın yeni keyfiyyət mərhələsinə yüksəlməsi, hər bir
sahədə rəqəmsal texnologiyaların tətbiq olunmasının geniş vüsət
almasıdır. Bu baxımdan hazırda hər bir ölkənin yüksəlişi onun
texnoloji imkanları və rəqəmsallaşma səviyyəsi ilə ölçülür.
Rəqəmsallaşma dövründə həm də süni intellekt cəmiyyət həyatının
bütün sahələrinə nüfuz etməkdədir. Prezident İlham Əliyev bu barədə
danışarkən müasir reallıqlara əsaslandı və Azərbaycan alimlərini
texnoloji yüksəlişdə, o cümlədən süni intellektin həm inkişafında,
həm də tətbiqində, o cümlədən rəqəmsallaşmada fəal olmağa dəvət
etdi.
Prezident İlham Əliyevin kibertəhlükəsizlik, hərbi sənaye,
bərpaolunan enerji ilə bağlı toxunduğu məqamlar də müasir dövrün
inkişaf tendensiyaları ilə səsləşən məsələlərdir. Ölkəmzin bu
sahələrdə uğur qazanması texnoloji inkişafdan və elm adamlarının
töhfələrindən əhəmiyyətli dərəcədə asılıdır. Prezident İlham
Əliyevin bildirdiyi kimi bizim elmimizin praktik nəticələri
olmalıdır:
“Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli
inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma
yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim
dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal
işləyəcəklər”.
Prezident İlham Əliyevin dövlətimizin tarixi, əzəli Azərbaycan
torpaqları olan indiki Ermənistan ərazisində xalqımıza məxsus
toponimlərin dəyişdirilməsi, o cümlədən ana dilimizlə bağlı qeyd
etdiyi məsələlər isə alimlərimizin qarşısında dayanan milli-mənəvi
vəzifələrdir. Bütün bunlar həm əsil həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması, həm gənc nəslin tariximizi yaxından
bilməsi, həm Qərbi Azərbaycana qayıdışın məntiqli və ədalətli
səslənməsi, həm də ana dilimizin saflığının qorunması baxımından
vacibdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi müstəqil
Azərbaycanın tarixini tədqiq və təbliğ edən əsərlərə ehtiyac
var.
Prezident İlham Əliyevin AMEA-dakı çıxışı bir daha göstərdi ki,
elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən
biridir və respublikamızın inkişafında bundan sonra da elmin
yaxından iştirakına, elmi nailiyyətlərin iqtisadiyyata praktik
tətbiqinə xüsusi diqqət ayrılacaq. Dövlətimizin başçısının nitqində
elmlə bağlı qeyd etdiyi məsələlər həm də Azərbaycanın inkişafının
yeni mərhələsinin ideoloji əsaslarını müəyyən edən milli
vəzifələrdir. Bu vəzifələrin icrası qarşıdakı dövrdə Azərbaycanın
iqtisadi, texnoloji və rəqəmsal yüksəlişində mühüm rol
oynayacaqdır.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

