Nizamidə əməliyyat: 66 kq narkotik vasitə dövriyyədən çıxarıldı

Baş səhifə

Bakı. Trend:

Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar
keçirilib.

Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə 66 kiloqram 325 qram narkotik vasitənin
satışının qarşısı alınıb.

Əməliyyat zamanı əvvəlcə 38 yaşlı Samir Səidov qeyd edilən
cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 41
kiloqram 575 qram narkotik vasitə marixuana aşkarlanıb.




İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı
isə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən daha
bir nəfər – 40 yaşlı Samil Qədiyev də saxlanılıb. Onun üzərindən,
idarə etdiyi “Hyundai” markalı avtomobildən və yaşadığı evdən
ümumilikdə 24 kiloqram 750 qram marixuana, eləcə də psixotrop
tərkibli metadon həbləri aşkarlanıb.

Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə
cinayət əlaqəsinə girərək narkotikləri qanunsuz yollarla əldə
etdikləri və Bakı şəhərində satışını təşkil etməyi
planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı Nizami RPİ-də cinayət işləri başlanılıb,
araşdırma aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları
tərəfindən fasiləsiz mübarizə davam etdirilir.